Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra etdiyi proqram xarakterli çıxışında türk dövlətləri arasındakı müqəddəs qardaşlıq bağlarına və strateji müttəfiqliyə qarşı yönələn təxribat cəhdlərinə sərt xəbərdarlıq edib. O, türk dünyasının sarsılmaz birliyinə və ortaq gələcəyinə "dinamit yerləşdirmək" istəyən qüvvələrə qarşı hər zaman ən qətiyyətli və adekvat cavabın veriləcəyini vurğulayıb.
DuzXeber.azxəbər verir ki, Türkiyə lideri yaxın günlərdə ölkənin paytaxtı Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşünün əhəmiyyətinə toxunaraq, bu mötəbər tədbirin tarixi məqama təsadüf etdiyini bildirib. Zirvə görüşünün Türkiyə Cümhuriyyətinin elan edilməsinin 103-cü ildönümü günlərinə düşməsi isə xüsusi rəmzi məna daşıyır.
Çıxışı zamanı türk dövlətləri arasında həmrəyliyin dərinləşdirilməsinin hava və su kimi vacib olduğunu qeyd edən Ərdoğan qlobal miqyasda yaşanan gərginliklər fonunda regional sülh və sabitliyin qorunmasının həm Ankaranın, həm də bütün türk qardaşlarının əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb: "Biz münaqişələrin dərinləşməsini deyil, onların tezliklə ədalətli sülh yolu ilə dayandırılmasını, regional əməkdaşlıq platformalarının gücləndirilməsini və bölgəmizdə istənilən gərginlik dalğasının qarşısının qətiyyətlə alınmasını dəstəkləyirik".
Prezident Ərdoğan son dövrlərdə müxtəlif dairələr tərəfindən məqsədli şəkildə ortaya atılan süni gündəmlərin, qardaş ölkələr arasındakı münasibətlərə kölgə salmağa hesablanmış ucuz manipulyasiyaların heç vaxt baş tutmayacağını qətiyyətlə bəyan edib. O, Türk dünyasının birliyinin hər cür siyasi intriqadan və xarici təsirlərdən üstün olduğunu bir daha nümayiş etdirib.//Sara


