“Cənab Prezident 2018-ci ildə Mehriban xanımla birlikdə bu parkın açılışına gəlmişdi. Allah onlara uzun ömür versin, onların sayəsində bu boyda Yeni Yasamalda balaca da olsa bir park salındı. Cənab Prezident idi, Mehriban xanım idi, bir də Yasamalın icra başçısı, biz sakinlər onların 3-4 metrliyində dayanmışdıq. Cənab Prezident deyəsən razı qalmamışdı, başçıya dedi ki, bura çox balacadır, parkın sahəsi ‘Şuşa məktəbinə’ qədər genişləndirilməlidir. Gözümün qabağında olub bu söhbət, başçı da ‘baş üstə, cənab Prezident, oldu cənab Prezident’ dedi” – Yasamal rayonu, Məhəmməd Xiyabani 44 ünvanında yaşayan sakinlərdən Əhmədəğa Dünyamalıyev belə deyir. O və digər sakinlər deyirlər ki, artıq 7 ildir ki, icra başçısının Ölkə Başçısına verdiyi sözün yerinə yetirilməsini gözləyirlər. Amma...

Gözləntilərinin həyata keçməməsi bir yana, məlum olub ki, Yeni Yasamal sakinlərinin park salınmasını gözlədikləri ərazi çoxmərtəbəli binaların inşa edilməsi məqsədilə “Şərur MTK” tərəfindən satın alınıb.

Məsələ burasındadır ki, park salınması nəzərdə tutulan ərazidə köhnə məktəb binası yerləşir. Hansı ki, həmin binada 30 ilə yaxındır ki, qaçqın və məcburi köçkünlər məskunlaşmışdılar. 2026-cı ilin əvvəlindən onların mərhələli şəkildə Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarda inşa edilən kəndlərə köçürülməsinə başlanılıb. Boşalan otaqlar dərhal “Şərur MTK”nın nümayəndələri tərəfindən nəzarətə götürülür, çağırılır, gələcək tikinti işlərinə hazırlıq işləri görülür.

2018-ci ildə təmir edilib istifadəyə verilən Yasamal Parkı keçmiş “Qismət” şadlıq sarayının yaxınlığında yerləşir. Həmin parkdan “Şuşa məktəbi” kimi tanınan məktəbə və 77 saylı marşrut avtobusunun sonuncu dayanacağına qədər olan ərazi 3-4 hektar təşkil edir. Hansı ki, həmin ərazidən indiyə qədər əsasən, Cəbrayıl və Füzuli rayonundan köçkün düşən insanlar məskunlaşmışdılar. Həmin insanlar isə artıq öz doğma yurd-yuvalarına qayıdırlar. Ərazi boşalır, müştəriləri də artır.

İndi Yeni Yasamal rayonu, Məhəmməd Xiyabani 44 ünvanında yaşayan sakinlər, eləcə də Yeni Yasamal qəsəbəsi sakinləri uzun illər gözlədikləri parkın salınması qərarından vaz keçilməsindən narahatdırlar. Dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsələr də, onların müraciətləri nəzərə alınmayıb. Hazırda əraziyə faktiki olaraq, “Şərur MTK”nın 15-20 nəfərlik idmançı görünüşlü heyəti nəzarət edir.

Sakinlər bu yaxınlarda telekanallara müraciət edərək problemlərin işıqlandırılmasını, Ölkə Başçısının göstərişinə uyğun olaraq ərazidə park salınmasına yardım göstərilməsini xahiş ediblər. “Space” telekanalı sakinlərin problemini işıqlandırıb, onları dinləyib.

 Telekanal həm də “Şərur MTK”nın rəhbəri İsfəndiyar Axundovun fikirlərini də öyrənib. Axundov telekanala deyib ki, parkın genişləndirilməsi üçün nəzərdə tutulmuş ərazinin özəlləşdirilməyib, biz oranı almamışıq. Biz zərər çəkən insanları mənzillə təmin etmişik və dövlət də özbaşınalıq götürüb ki, bizə bina tikmək üçün yer versin. Biz də çox əziyyət çəkirik. Yeddi ildir gözləyirik ki, oranı nə vaxt boşaldacaqlar. Boşaltmaq bizim öhdəliyimiz deyil. Bizə torpaq sahəsi hazır vəziyyətdə verilməlidir”.

Sakinlər bildirir ki, tez-tez ərazidə narazılıq yaranır, “Şərur MTK”nın nümayəndələri ilə mübahisələr baş verir. Onların bildirdiyinə görə, “Şərur MTK”nın rəhbərliyi də məsələnin tezliklə, hər hansı narahatlıq, narazılıq olmadan həll edilməsini istəyir. MTK rəhbərliyi bildirir ki, onlar zərərçəkənləri təmənnasız mənzillə təmin edə bilərlər, bunun qarşılığında da onlara yeni yaşayış kompleksinin tikintisi üçün yer ayrılıb, hər hansı qanunsuzluq, narazılıq olmadan. Əgər doğrudan da əslində ərazidə park salınması nəzərdə tutulmuşdusa və Ölkə Başçısının bununla bağlı göstərişi varsa, qoy, icra hakimiyyəti bunu “Şərur MTK”ya bildirsin, belə olan halda MTK həmin parkı da öz hesabına inşa edib, vətəndaşların istifadəsinə verməyə hazırdır.

İndi Yeni Yasamal sakinlərinin ümidi, rayon icra hakimiyyətinin atacağı addımlara qalıb. Onlar icra hakimiyyətindən Ölkə Başçısının Yasamal Parkının sözügedən ərazi hesabına genişləndirilməsi barədə göstərişinin olduğunu MTK-ya bildirilməsini gözləyirlər.

Paylaş