Qırmızı dənizdə hökm sürən gərginlik və Bab əl-Məndəb boğazı ətrafındakı strateji nöqtələrin nəzarətdən çıxması qlobal ticarət xəritəsini yenidən cəzməyə məcbur edir.
Husilərin bölgədəki hərbi aktivliyi, xüsusilə Moxa limanı və Perim adası istiqamətində mövqelərini gücləndirməsi Asiyanı Avropa ilə birləşdirən əsas dəniz damarını ciddi təhlükə altına qoyub. Süveyş kanalına aparan bu su yolunun qapanma təhlükəsi dünya miqyasında logistik zənciri qırır, gəmiçilik şirkətlərini baha və uzun alternativlər axtarmağa sövq edir. Dünyanın aparıcı nəhəngləri dənizlərdə yaranan bu qeyri-müəyyənliklə üz-üzə qaldığı bir vaxtda, qlobal yük daşımalarının mərkəzi nöqtəsi sürətlə quraklığa, yəni quru yollarına doğru sürüşməkdədir.
Məsələ ilə bağlı DuzXeber.az-a açıqlama verən iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, dəniz logistikasındakı bu cür sistemli böhranlar fonunda Azərbaycanın yerləşdiyi coğrafi mövqe ölkəmiz üçün unikal iqtisadi və geosiyasi dividentlər qazandırmaq potensialına malikdir: "Qlobal dəniz ticarətində Hörmüz və Bab əl-Məndəb kimi strateji boğazların risk zonasına çevrilməsi Avropa ilə Asiya arasındakı yükdaşımaları tamamilə yeni məcraya yönəldir. Şimal-Cənub və xüsusilə Orta Dəhlizin əhəmiyyəti məhz belə böhran dövrlərində qat-qat artır. Azərbaycan Xəzər hövzəsində əsas tranzit qovşağı olaraq bu fürsəti düzgün qiymətləndirməlidir. Gəmilərin Ümid burnundan dolanaraq xərcləri kəskin artırması fonunda Bakı-Tbilisi-Qars dəmir yolu və ölkəmizin nəqliyyat infrastrukturu Avropa üçün ən etibarlı və qısa alternativə çevrilir. Bu, ölkəmizə milyardlarla dollar tranzit gəliri gətirməklə yanaşı, bizim geosiyasi çəkimizi də misilsiz dərəcədə yüksəldəcək".
Ekspertin sözlərinə görə, qlobal ticarət yollarının dəyişməsi Azərbaycanın daxili bazarına və qiymətlər strukturuna da öz təsirini göstərəcək: "Dünya ticarəti qurbağa sürəti ilə quru yollarına keçdikcə, bizim logistik gücümüz artacaq, lakin bununla belə müəyyən risklər də qaçılmazdır. Asiyadan gələn yüklərin həcminin və tranzit axınının kəskin artması daxili gömrük, liman və dəmir yolu sistemimiz üçün böyük sınaqdır. Eyni zamanda, qlobal miqyasda daşınma xərclərinin və sığorta haqlarının bahalaşması ölkəmizə gətirilən bəzi idxal məhsullarında idxal inflyasiyası yarada bilər. Buna görə də Azərbaycan qurumları tarif siyasətini elə qurmalıdır ki, tranzit qazanclarımız daxili bazardakı qiymət təzyiqlərini tam kompensasiya edə bilsin".//Tunar


