"Bakalavr təhsilinin 3, magistr təhsilinin isə 1 ilə endirilməsinin müzakirə olunduğu haqqında məlumat oxudum. Təhsilin gələcəyi və gələcəyin təhsili baxımından bu mövzunu kifayət qədər əhəmiyyətli və zəruri hesab edirəm. Eyni zamanda, inanıram ki, yalnız təhsil müddətinin azaldılması ilə təhsilin "sıçrayışlı" inkişaf etməyəcəyini və təhsildə "hər şeyin düzəlməyəcəyini" hamı qəbul edir. Mövzuya aidiyyəti olduğunu nəzərə alaraq, oxuduğum bir məlumatı da bölüşmək istədim".
DuzXeber.az xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, söhbət doktorantura təhsilinin müddətinin azaldılmasından gedir:
"Norveç Biznes Məktəbinin professoru Adrian Furnham hesab edir ki, eksperimental elmlər üzrə PhD proqramını 15–18 ay ərzində uğurla başa çatdırmaq mümkündür. Onun fikrincə, doktoranturanın məqsədi uzun illər davam edən tədqiqat deyil, müstəqil elmi araşdırma aparmaq bacarığını nümayiş etdirməkdir. Müəllif doktorantların ilk semestrlərdən etibarən elmi rəhbərlə birlikdə real tədqiqatlara qoşulmasını, məlumat toplamasını, təhlil aparmasını və nəticələri nüfuzlu elmi jurnallarda dərc etdirməsini tövsiyə edir. O, hesab edir ki, nəşr olunmuş elmi məqalələr uğurlu PhD-nin ən etibarlı göstəricisidir.


