Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər.
Bəs, xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən və onun saxlanılması, müalicəsi və qayğısını təmin etməyən valideyni hansı hüquqi məsuliyyət gözləyə bilər və belə hallarda uşağın hüquqları, sosial təminatı və gələcək qayğısı hansı mexanizmlərlə qorunur?
Mövzu ilə bağlı DuzXeber.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşağından üzürlü səbəb olmadan imtina edən, onun tərbiyəsi, müalicəsi və saxlanılması üzrə vəzifələrini yerinə yetirməyən valideyn ilk növbədə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən məhkəmə qaydasında valideynlik hüquqlarından məhrum edilir.
Vəkil bildirib ki, bundan başqa şəxs məhkəmə qətnaməsi ilə ona təyin edilmiş alimenti ödəməkdən boyun qaçırdıqda o məhkəmə qərarını icra etməkdən qəsdən boyun qaçırnağa görə həm inzibati xəta törədərək məsuliyyət daşıyır, həm də cinayət məsuliyyəti daşıya bilər:
"Uşaq valideynsiz qaldıqda dövlətin aidiyyəti qumları dərhal onu öz himayəsinə götürür və xüsusi qayğı göstərilən dövlət müəssisələrinə yerləşdirir. Bu uşaqlar üçün aylıq müavinətlər, təqaüdlər təyin olunur, onlar pulsuz tibbi xidmət, reabilitasiya və xüsusi təhsil imkanları ilə tam təmin edilirlər. Onu da diqqətə çatdırmaq lazımdır ki, həmin uşaqların gələcəkdə hələ də vərəsəlik hüquqları qorunacaq".


