Son vaxtlar toylarda təşkil edilən meyxana məclislərində yaşanan insidentlər cəmiyyətdə birmənalı qarşılanmır.
DuzXeber.az Globalinfo.az-a istinadla bildirir ki, ötən gün meyxanaçı Balaəlinin həmkarı Xosrov Maştağalıya butulka atması ilə bağlı görüntülər meyxana müzakirələrini yenidən qızışdırıb.
Meyxanaçıların deyişməsi zamanı yaranan gərginliyin söz atışmasından əlbəyaxa davaya qədər böyüməsi artıq təkcə həmin məclisdə iştirak edən insanların problemi kimi görünmür. Çünki toyda baş verən belə hadisə çox zaman toy salonunun divarları arasında qalmır. Telefon kameraları işə düşür, görüntülər sosial şəbəkələrə yayılır və bir neçə saat ərzində minlərlə gənc, yeniyetmə həmin səhnənin şahidinə çevrilir.
Meyxananın mahiyyətində sözlə rəqabət, improvizasiya, hazırcavablıq və satira dayanır. Deyişmənin marağı da müəyyən mənada buradan yaranır. Amma sözün sərhədi keçildikdə, rəqabət qarşı tərəfi alçaltmağa, təhqir etməyə və aqressiyaya çevrildikdə artıq söhbət sənət yarışmasından getmir.
Xüsusilə təhqir məzmunlu ifadələrin işlədilməsi bu məsələnin ən problemli tərəflərindən biridir. Meyxanaçı auditoriyanın reaksiyasını qazanmaq üçün daha sərt ifadələrə müraciət etdikcə məclisin atmosferi də dəyişə bilər. Nəticədə bir neçə saniyə əvvəl alqışlanan deyişmə qəfil qarşıdurmaya çevrilir.


