İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən qurulması və insanların doğma yurdlarına qayıdışı davam edir. “Böyük Qayıdış” proqramı çərçivəsində kənd və şəhərlərdə yeni yaşayış məhəllələri salınır, sosial infrastruktur yaradılır. Doğma torpaqlarına qayıdan ailələr burada yeni həyat qurmağa başlayır, bölgədə gündəlik həyat tədricən canlanır. Evlərin tikilməsi ilə yanaşı, məşğulluq imkanlarının yaradılması və sahibkarlığın inkişafı istiqamətində də işlər görülür. Bu proses işğaldan azad edilmiş ərazilərin sosial və iqtisadi baxımdan dirçəlməsinə yeni imkanlar açır. “Böyük Qayıdış” beləliklə, yalnız insanların doğma torpaqlarına qayıdışını deyil, həmin ərazilərdə davamlı həyatın formalaşmasını da təmin edir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa DuzXeber.az-a açıqlamasında bildirib ki, “Böyük Qayıdış” işi əslində insanların yeni adaptasiya prosesidir. Bu, həm də yaddaşın bölgələrə qayıtmasıdır:
“İnsanlar burada müəyyən dərəcədə həyat şəraitində arzuladıqlarını tam şəkildə əldə edə bilməyə bilərlər. Amma yenə də onların evlərinin tikilib verilməsi ən azı maksimum dərəcədə tələbatlarına uyğun bir addımın atılması deməkdir. Artıq bura qayıdandan sonra hələ bir müddət oturuşma çətin olacaq. Çünki ixtisasına uyğun işlərin tapılması, insanların çalışması, əmək haqqı əldə etməsi, yaxud biznes qurması vaxt aparacaq. Biz çalışmalıyıq ki, bu proses daha sürətli getsin və insanlar bölgəyə həm də maddi tərəfdən bağlanmaq imkanlarını gerçəkləşdirsinlər”.
Deputat qeyd edib ki, Qarabağda yeni həyatın qurulmasında ən böyük çağırış, birinci növbədə, sahibkarlığın inkişafıdır. İnsanların müstəqil şəkildə öz təsərrüfatını, biznesini, fermer təsərrüfatını qurmasına imkan yaratmaq lazımdır:


