Azərbaycanda ümumi təhsil müəssisələrində maliyyələşmə qaydalarında yeniliklər edilir. Milli Məclisin komitələrinin birgə iclasında çıxış edən Maliyyə naziri Sahil Babayev bildirib ki, cari və növbəti illərdən başlayaraq məktəblərin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək.

DuzXeber.az xəbər verir ki, nazir ali təhsil müəssisələrində adambaşı maliyyələşmə modelinin artıq bir neçə ildir tətbiq olunduğunu və müsbət nəticələr verdiyini diqqətə çatdırıb: "Biz artıq bir neçə ildir ki, ali təhsildə çox uğurla adambaşı maliyyələşmə mexanizmini tətbiq edirik. Yəni ali təhsil müəssisələrinə vəsait, onun saxlama xərcləri üzrə yox, hər qəbul olan tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq, hökumət tərəfindən qərar qəbul edilib ki, bunu tədricən ümumi təhsildə də tətbiq etməyə başlayaq".

Sahil Babayev əlavə edib ki, bu sistemin ümumi təhsildən sonra mərhələli şəkildə ilkin və məktəbəqədər təhsil pillələrində də tətbiq olunması nəzərdə tutulur.

Məsələ ilə bağlı DuzXeber.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, təhsil müəssisələrində adambaşı maliyyələşmə modelinə keçid resursların idarə olunması baxımından yeni yanaşmadır: "Bu mexanizmin tətbiqi məktəblər arasında sağlam rəqabəti stimullaşdıra və vəsaitlərin şagird sayına mütənasib şəkildə bölüşdürülməsinə imkan yarada bilər. Lakin sistemin effektiv fəaliyyət göstərməsi üçün xüsusilə azşagirdli kənd məktəblərinin spesifik xüsusiyyətləri və infrastruktur ehtiyacları da nəzərə alınmalıdır. Maliyyə modelinin mərhələli şəkildə tətbiqi prosesində ortaya çıxa biləcək texniki və təşkilati məsələlərin vaxtında tənzimlənməsi təhsilin keyfiyyətinin qorunması baxımından əhəmiyyətlidir".(nocomment.az)

Paylaş