Milli-mənəvi dəyərlərin qorunması, xarici ideoloji təsirlərin qarşısının alınması və təhsil sistemində dil siyasəti məsələləri cəmiyyətdə hər zaman aktual müzakirə mövzularındandır. Xüsusilə dini və məzhəbsəl təsirlərlə yanaşı, xarici dillərdə təhsilin ölkənin gələcək inkişafına mümkün təsirləri də diqqət çəkir. Bəs Azərbaycanda yad ideoloji təsirlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Rusdilli məktəblərin fəaliyyətinə yenidən baxılması zəruridirmi?
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycana qarşı ideoloji təsirlər müxtəlif formalarda özünü göstərir. Onun sözlərinə görə, bu təsirlər dini və məzhəbsəl amillərlə yanaşı, təhsil və dil sahələrini də əhatə edir.
Politoloq hesab edir ki, ölkədə dini və ideoloji təsirlərin artmasının gələcəkdə müəyyən problemlər yarada biləcəyi nəzərə alınarsa, rus bölməsində təhsil məsələsinə də yenidən baxılmalıdır.
Məhəmməd Əsədullazadənin fikrincə, rusdilli məktəblərdə başqa ölkənin dili və mədəniyyəti təbliğ olunur və bu təhsil müəssisələri yad ideoloji təsir mərkəzləri kimi qiymətləndirilməlidir. O, bu səbəbdən Azərbaycanda rus məktəblərinin bağlanmasının vacibliyini vurğulayıb.
Politoloq qeyd edib ki, dini və xarici ideoloji təsirlərdən qorunmaq dövlət üçün mühüm və prioritet məsələlərdən biridir.//Əli Səfərli


