“Şou verilişlərinin bağlanması reytinqlərə xeyli təsir etdi. Çünki bunlar əyləncə xarakterli verilişlər idi. Efirlərə nəzarət gücləndikdən sonra belə şouların sayı azaldı və bu da reytinqlərə cidi təsir göstərdi”.
DuzXeber.az xəbər verir ki, bunu “Yeni Sabah”a teleaparıcı Amil Xəlil deyib.
O bildirib ki, efirdə daha sanballı qonaqların olmasını, xalq musiqisinə üstünlük verilməsini istəyənlərin özləri həmin kanallara baxmırlar:
“Sizə konkret bir misal çəkim. Azərbaycan televiziyalarında, məsələn, ATV-də müğənnilərin iştirak etdiyi verilişlər yayımlanır. Mədəniyyət kanalında isə daha möhtəşəm studiyalar qurulur. Gəlin, açıq etiraf edək ki, həmin kanal dövlət tərəfindən maliyyələşdirildiyi üçün çox peşəkar studiyalar hazırlamaq imkanına malikdir. Hətta deyərdim ki, bu səviyyədə studiyalara nəinki Azərbaycanda, Gürcüstanda, hətta Türkiyədə belə az rast gəlinir.
Amma gəlin baxaq, Mədəniyyət kanalı bu gün reytinqlərdə neçənci yerdədir? Kanal hazırda sonuncu yerdədir. Halbuki xalq mahnılarına üstünlük verilməsini, xalq sənətkarlarının, muğam ifaçılarının efirə dəvət olunmasını istəyənlər var. Bəs həmin insanlar niyə bu kanala baxmırlar?
Mədəniyyət kanalının gündəlik efir proqramlarına baxsanız, orada kifayət qədər gözəl xalq mahnıları, tar və kamança ifaları təqdim edən verilişlər görərsiniz. Bəs niyə bu proqramlara baxılmır? Maraqlıdır ki, efirdə daha sanballı qonaqların olmasını, xalq musiqisinə üstünlük verilməsini istəyənlərin özləri həmin kanala baxmırlar. Əgər baxsaydılar, bəlkə də Mədəniyyət kanalı ilk beşlikdə yer alardı. O zaman da deyərdilər ki, bu kanala daha çox dəstək verilməli, belə verilişlərə üstünlük tanınmalıdır”.


