Okeanın dərinliklərində yaşayan qeyri-adi görünüşlü avar balığı uzun, lentə bənzər bədəni və qırmızı üzgəcləri ilə diqqət çəkir. Bir neçə metrə qədər böyüyə bilən bu nadir balıq xalq arasında “Qiyamət balığı” kimi tanınır.
Bu ad Yapon folklorundakı qədim inancla bağlıdır. Əfsanəyə görə, avar balığının dəniz səthinə yaxınlaşması zəlzələ və sunami kimi böyük fəlakətlərin xəbərçisi sayılır.
Lakin alimlər bu inancı təsdiqləyən heç bir elmi sübutun olmadığını bildirirlər. Araşdırmalarda avar balığının görünməsi ilə zəlzələ və sunamilər arasında etibarlı səbəb-nəticə əlaqəsi müəyyən edilməyib. Buna görə də “Qiyamət balığı peyda oldusa, fəlakət olacaq” fikri elmi fakt deyil, qədim əfsanədir.


