Donald Tramp administrasiyası İsrailə ABŞ silahlarını əldə etməsi üçün ayırdığı illik 4 milyard dollarlıq maliyyə yardımını mümkün qədər tez dayandırmağa çalışır.

DuzXeber.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Parisdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"ABŞ prezidenti inanır ki, İsrail artıq Amerika silahlarını almaq üçün kifayət qədər varlıdır", - Rubio bildirib.

O əlavə edib ki, ABŞ və İsrail nümayəndələri hazırda bu barədə anlaşma memorandumu üzrə danışıqlar aparırlar: "O, (Tramp - red.) maliyyələşdirmə hissəsinin mümkün qədər tez başa çatmasını istəyir. "Biz anlaşma memorandumunu müzakirə edərkən bu əsasda hərəkət edirik. Onlar bizdən silah ala bilərlər, amma biz artıq maliyyələşdirməni təmin etməməliyik. İsrail tərəfi bunu təklif edib".

İki tərəfin 2027-ci ildə belə bir sistemə keçə biləcəyi ilə bağlı suala Rubio belə cavab verib:

"Prezident bizim edəcəyimizi deyib. Yeri gəlmişkən, onlar da silah istehsal edirlər. Memorandum həmçinin birgə istehsal imkanını da təmin edəcək. Lakin maliyyələşdirməyə gəldikdə, İsrail artıq bu mərhələni keçib".

Bu ayın əvvəlində Tramp Fox News-da ABŞ-nin İsrailə illik 4 milyard dollarlıq maliyyələşdirməsini 2026-cı ilin sonuna qədər dayandıracağını elan edib. O, bu qərarın bir neçə ay əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə razılaşdırıldığını deyib. Dövlət televiziyası Kan-ın məlumatına görə, İsrail hakimiyyəti Trampın açıqlamasına hazır olmayıb.

Benyamin Netanyahu yayda elan etmişdi ki, İsrail ABŞ-dən maliyyə yardımı almağı dayandırmağa hazırdır.

Paylaş