Canlı yayım
13.03.2026

Su Melorasiya "sirli" şirkətə 1,5 milyon manat verib

Azərbaycanda dövlət satınalmaları ilə bağlı açıqlanan məlumatlar şəffaflığın təmin olunması üçün vacib olsa da, bəzi tenderlər ictimaiyyət üçün əlavə suallar yaradır.

DogruXeber.tv-nin araşdırması göstərir ki, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən keçirilmiş və qalibi “TRADE SERVICES” MMC olmuş nasos aqreqatlarının satın alınması tenderində bir sıra diqqət çəkən məqamlar ictimai maraq doğurur. Ölkədə vətəndaşlar tərəfindən çoxsaylı narazılıq və şikayət olunan, ən çox tənqid edilən qurumlardan biri məhz Su Meliorasiyadır. Bu narazılıqların fonunda qurum tez-tez yüksək məbləğli tender müqavilələri ilə Satınalma portalının ən “sadiq sakinləri”ndən biri kimi də tanınır. Vətəndaşların və sahibkarların şikayətlərinə görə, bölgələrdə suyun qeyri-bərabər paylanması, bəzi ərazilərdə susuzluq, suyun rüsumdan artıq qiymətə satılması, kol-kos və palçıq tutmuş kollektorların vaxtında təmizlənməməsi, idarənin texnikalarının icarəyə verilməsi və digər fəaliyyətlər ciddi narazılıq doğurur.

Bu dəfəki tenderin qalibi olan “TRADE SERVICES” MMC isə haqqında açıq məlumatların azlığı ilə seçilir. Şirkətin sahibi və ya təsisçisi barədə heç bir məlumat tapılmır, hüquqi ünvanı isə yalnız mənzil tipli qeydiyyat ünvanıdır. Bu, iri məbləğli layihələr həyata keçirən bir şirkət üçün həm ictimai, həm də hüquqi maraq doğurur. Şirkətin texniki portfelinin görünməməsi, rəsmi saytının olmaması, az sayda xarici ticarət əməliyyatlarının mövcudluğu və 2023-cü ildə valyuta tənzimi qaydalarının pozulması ilə bağlı məhkəmə işi əlavə şübhələr yaradır. Bundan əlavə, açıq mənbələr göstərir ki, şirkət qısa müddətdə bir neçə iri dövlət tenderini udub, bu da bəzi hallarda ictimai marağı daha da artırır.

Tender “Nasos aqreqatlarının (Vertikal) satın alınması” adı ilə keçirilmişdir və təsnifat kodu 40151500 – nasoslar kateqoriyasına aiddir. Ehtimal olunan qiymət 3.672.552,56 AZN göstərilsə də, qalib şirkətin bağladığı müqavilə məbləği yalnız 1.592.822,71 AZN təşkil edib. Bu təxminən 2 milyon manatlıq fərq ekspertlərin sözlərinə görə, ya texniki tələblərin dəyişməsi, ya avadanlıqların sayının azaldılması, ya da şirkətin çox aşağı qiymət təklif etməsi ilə izah oluna bilər. Lakin belə böyük fərqin açıq səbəblərinin olmaması, həmçinin şirkətin sahib və təsisçi məlumatlarının gizli saxlanılması ictimai maraqda suallar yaradır.

Tender prosesi 2025-ci ilin sentyabrında başa çatmasına baxmayaraq, müqavilə ilə bağlı tarixlərin daha sonrakı dövrdə sistemə daxil edildiyi görünür ki, bu da portalın təqdimetmə mexanizmi və prosedur aspektlərini gündəmə gətirir. Bütün bu hallar bir araya gələndə sual yaranır: belə iri dövlət layihələrinə cavabdeh olan şirkətin real sahibi kimdir, təsisçiləri kimlərdir və tenderdə iştirakına dair hüquqi və texniki məlumatlar niyə ictimaiyyətə açıqlanmır.

Meliorasiya və su təsərrüfatı ölkənin strateji sahələrindən biridir, buna görə iri məbləğli layihələrdə şəffaflıq, həmçinin şirkətlərin texniki imkanları, layihə təcrübəsi və sahibkarlarla münasibətləri barədə məlumatların ictimaiyyətə açıqlanması xüsusi əhəmiyyət daşıyır.

DogruXeber.tv hesab edir ki, bu məlumatların açıqlanması həm şəffaflığın, həm də ictimai etimadın güclənməsinə xidmət edəcək.

Qeyd edək ki, jurnalistikanın prinsiplərinə uyğun olaraq, mövzuda adı keçən bütün qurumlar və şirkətlər, o cümlədən “Regional Su Meliorasiya Xidməti” və “TRADE SERVICES” MMC, açıqlama vermək və mövqelərini bildirmək imkanına malikdir və onların cavabları saytımızda yayımlanacaq.

Xəbər lenti