ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunur.
DuzXeber.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Ştat polisinin məlumatına görə, həmin şəxs onun tərəfə maral kimi baxdığını bəyan edib.
Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed cümə axşamı axşam saatlarında polisin Ellendeyl şəhərində açıq sahədə odlu silahla yaralanmış qadın barədə məlumat almasından sonra həbs edilib.
Polis əməkdaşları zərərçəkənə ilk tibbi yardım göstərib, bundan sonra o, xəstəxanaya çatdırılıb və orada ölüb. Bazar günü polis həlak olan şəxsin – Delaver ştatının Corctaun şəhərindən olan 39 yaşlı Santos Maria Çilel Sotonun şəxsiyyətini açıqlayıb.
İstintaq məlumatlarına görə, Murhed atəş açarkən Çilel Soto sahədə bir kişi və iki uşağı ilə birlikdə olub. Polisin versiyasına görə, o, gizli sığınacaqdan ov edirmiş və maral gördüyünü güman edib. Bundan sonra həmin şəxs tüfəngdən atəş açaraq qadını vurub.
Murhedə ehtiyatsızlıqdan adam öldürmə, səhlənkarlıqla təhlükə yaratma və ağır cinayət törədən zaman odlu silahdan qanunsuz istifadə etmə ittihamları irəli sürülüb.
Polisdən bildirilib ki, həbs edildikdən sonra həmin şəxs 43 min dollar məbləğində girov müqabilində sərbəst buraxılıb.
Polis ölümcül atəşin hallarını araşdırmağa davam edir.//Hüseyn İbadlı


