Canlı yayım
28.07.2026

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

DuzXeber.az xəbər verir ki, son aylarda redaksiyamıza Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti ilə bağlı müxtəlif dövlət və büdcə təşkilatlarında çalışan əməkdaşlardan çoxsaylı müraciətlər daxil olur. Təhsil, səhiyyə, mədəniyyət, sosial xidmət, eləcə də digər sahələrdə çalışan işçilərin şikayətləri məzmun etibarilə demək olar ki, eynidir: əmək haqlarından "könüllü üzvlük" adı altında mütəmadi vəsait tutulur, lakin qarşılığında vəd edilən sosial təminatlar ya əlçatmazdır, ya da ümumiyyətlə mövcud deyil.

Bu müraciətlər bir daha sual doğurur: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün həqiqətən işçinin yanındadırmı, yoxsa sadəcə üzvlük haqqı toplayan formal bir quruma çevrilib?

Həmkarlar ittifaqları dünyanın hər yerində işçinin hüquqlarını müdafiə edən, onun sosial rifahını təmin edən, əmək münasibətlərində balans yaradan təsisat kimi fəaliyyət göstərir. Onun əsas missiyası işçinin haqqını qorumaq, çətin günündə yanında olmaq, sosial layihələr həyata keçirmək və üzvlərinə real dəstək göstərməkdir.

Bəs Azərbaycanda vəziyyət necədir?

Redaksiyamıza müraciət edən yüzlərlə müəllim, həkim, tibb bacısı, kitabxanaçı, mədəniyyət işçisi və digər büdcə təşkilatlarında çalışan əməkdaşların dedikləri tamamilə fərqli mənzərə yaradır. Onların sözlərinə görə, illərlə maaşlarından üzvlük haqqı tutulmasına baxmayaraq, sanatoriya və istirahət mərkəzlərinə göndərişlərdən (putyovkalardan) istifadə etmək əksər hallarda mümkün olmur. Elektron müraciət sistemi yaradılıb, "rəqəmsallaşma" adı ilə islahatlar təqdim olunur, lakin nəticə dəyişmir. Müraciətlərin böyük hissəsinə ya "imtina edildi", ya da "yer yoxdur" cavabı verilir.

Ən narahatedici məqam isə budur ki, insanlar bunun səbəbini öyrənmək istəyəndə konkret cavab ala bilmirlər. AHİK rəhbərliyinin nümayəndələri isə çox vaxt məsuliyyəti sistemin üzərinə ataraq "onlayndır, biz müdaxilə edə bilmirik, yenidən müraciət edin" deməklə kifayətlənirlər. Halbuki eyni vətəndaş aylarla, bəzən illərlə təkrar müraciət etsə də, nəticə dəyişmir.

Belə olan halda ortaya haqlı sual çıxır: elektron sistem şəffaflıq üçün qurulub, yoxsa məsuliyyətdən yayınmaq üçün?

Bir çox əməkdaş bildirir ki, maaşdan üzvlük haqqı tutularkən heç kimdən seçim soruşulmur, amma həmin vəsaitin qarşılığında xidmət almaq istəyəndə müxtəlif maneələrlə üzləşirlər. Bu isə "könüllülük" anlayışının mahiyyəti barədə ciddi suallar yaradır.

Uzun illər AHİK-ə rəhbərlik etmiş Səttar Möhbalıyev dövrü də zaman-zaman tənqid olunurdu. Lakin həmin dövrdə ictimai narazılıq doğuran məsələlər mətbuatda işıqlandırıldıqdan sonra müəyyən reaksiyalar verildiyi, problemlərin araşdırıldığı barədə nümunələr göstərilirdi. İndi isə vəziyyət fərqlidir. Sahib Məmmədovun rəhbərliyi dövründə AHİK haqqında tənqidi materialların sayı artsa da, cəmiyyət bu tənqidlərə adekvat cavab, geniş izahat və ya hesabat görmür. Sükut isə heç vaxt etimad yaratmır.

Rəhbərlik dəyişəndə cəmiyyət yenilik gözləyirdi. Gözlənti bu idi ki, elektron sistem şəffaflığı artıracaq, vətəndaş məmur qapılarında sürünməyəcək, göndərişlərin bölgüsü ədalətli olacaq. Lakin görünən odur ki, texnologiya problemləri həll etmək əvəzinə, bəzi hallarda sadəcə narazılığın ünvanını dəyişib. İndi insanlar məmurun otağından deyil, kompüter ekranından "rədd edildi" cavabı alırlar.

Əgər illərlə vəsait ödəyən müəllim istirahət hüququndan yararlana bilmirsə, həkim sosial dəstəyi hiss etmirsə, mədəniyyət işçisi hüquqlarının müdafiəsini görmürsə, onda həmin üzvlük haqqının mahiyyəti nədən ibarətdir? İşçi yalnız ödəyən tərəfdirsə, AHİK hansı funksiyanı yerinə yetirir?

Bu gün cəmiyyətin cavab gözlədiyi əsas sual da məhz budur.

Sahib Məmmədovun rəhbərliyi dövründə AHİK-in fəaliyyətinin əsas prioriteti nədir? İşçinin sosial müdafiəsini gücləndirmək, yoxsa statistik hesabatlarda uğurlu görünmək? Əgər sistem işləyirsə, niyə narazılıq ildən-ilə artır? Əgər hər şey qaydasındadırsa, niyə yüzlərlə insan problemlərinin həlli üçün mətbuata üz tutur?

Bütün bunlar fonunda ictimaiyyətdə daha bir sual səslənir: AHİK rəhbərliyi diqqətini doğrudanmı təşkilatın əsas missiyasına yönəldib, yoxsa başqa prioritetlər ön plana çıxıb? Bu sualın cavabı yalnız açıqlamalarla deyil, real fəaliyyət, şəffaf hesabat və işçilərin gündəlik həyatında hiss olunan nəticələrlə verilə bilər.

Həmkarlar ittifaqı yalnız bayram tədbirləri keçirən, hesabatlar hazırlayan və üzvlük haqqı toplayan qurum olmamalıdır. O, işçinin çətin günündə onun hüququnu müdafiə edən, sosial təminatını təmin edən və etimad qazanan institut olmalıdır.

Əks halda, hər ay əməkhaqqından tutulan vəsaitlər insanların gözündə sosial həmrəylik rəmzi deyil, cavabsız sualların və itirilmiş etimadın simvoluna çevriləcək. İşçinin haqqını qorumaq üçün yaradılmış qurum işçinin ümidini doğrultmursa, artıq problem ayrı-ayrı müraciətlərdə deyil, sistemin özündə axtarılmalıdır.

DogruXeber.tv olaraq ümid edirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və qurumun sədri Sahib Məmmədov bu yazıda qaldırılan bütün suallara rəsmi və əsaslandırılmış münasibət bildirəcək. Qarşı tərəfin mövqeyi redaksiyamıza təqdim olunacağı təqdirdə, jurnalistikanın obyektivlik prinsipinə sadiq qalaraq həmin açıqlamaları da olduğu kimi dərc etməyə hazırıq.

Bununla yanaşı, DogruXeber.tv olaraq apardığımız araşdırmalar bununla yekunlaşmır. Növbəti yazımızda Sahib Məmmədovun AHİK-də fəaliyyətə başladığı dövrdən bu günə qədər keçdiyi idarəçilik yolu, bu müddətdə həyata keçirilən fəaliyyət, eləcə də ictimai maraq doğuran əmlakı və sərvəti ilə bağlı apardığımız araşdırmaların ilk nəticələrini oxuculara təqdim edəcəyik. Həmin araşdırmada ictimai maraq doğuran çoxsaylı suallara faktlar və sənədlər əsasında aydınlıq gətirməyə çalışacağıq.

Xəbər lenti