Canlı yayım
7.08.2026

Hörmüz boğazında həyəcan: Neft gəmiləri dayanıb, bazar qərar gözləyir

Hörmüz boğazında gəmiçilik demək olar ki, iflic olub. Dünyanın ən vacib neft marşrutlarından biri sayılan boğazda gəmi hərəkəti İran və Oman arasında aparılan danışıqların nəticəsi gözlənildiyi üçün minimum səviyyəyə enib.
DuzXeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Kpler" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, bazar ertəsindən cümə axşamınadək Hörmüz boğazından cəmi 33 gəmi keçib. Ötən ilin eyni dövründə isə bu rəqəm 50 idi.
Cümə axşamı boğazdan cəmi dörd gəmi hərəkət edib. Onlardan biri 2 milyon barel İraq nefti daşıyan supertanker olub. Eyni vaxtda boğazı altı xam neft tankeri tərk edib.
Çin və Hindistanın bir sıra neft emalı zavodları İraqın Bəsrə terminalından neft almaq üçün tanker icarəyə götürməyə cəhd göstərsələr də, gəmi sahibləri bölgədəki risklərə görə buna razılıq verməyiblər. Məlumata əsasən, İraqın dövlət neft şirkəti SOMO alıcıları cəlb etmək üçün hər barelə təxminən 30 dollar endirim təklif etsə də, indiyədək bu marşrut üzrə heç bir gəmi icarəyə götürülməyib.
Sektor nümayəndələrinin sözlərinə görə, İranla Oman arasında Hörmüz boğazının tam fəaliyyətinin bərpası ilə bağlı mümkün razılaşmanın əldə olunması ABŞ sanksiyaları və sığorta məhdudiyyətləri səbəbindən olduqca çətin görünür.
Xatırladaq ki, bölgədə gərginlik yaranmazdan əvvəl Hörmüz boğazından hər gün təxminən 140 gəmi keçirdi. Hazırkı vəziyyət isə qlobal neft tədarükü ilə bağlı narahatlıqları daha da artırır/Müəllif: Adəm Abbaslı/

Xəbər lenti