31.08.2026

Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!

Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında Azərbaycan vətəndaşlarına Türkiyədə yaşlı və xəstə insanlara baxıcı, Sloveniyada isə fəhlə və digər işlər təklif olunur. Layihənin adı isə “Azərbaycandan işçi qüvvəsinin ixracı”dır. Bu məlumatın paylaşılması cəmiyyətin müxtəlif təbəqələri arasında birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimovun sözlərinə görə, qəribə səslənsə də, hökümət bizə iş verə bilmədiyini deməyə çalışır:

“Deyirlər ki, get xarici ölkələrdə fəhlə işlə, xəstələrin altını təmizlə və başını dolandır. Burda sual yaranır ki, niyə həmin insan üçün Azərbaycanda iş yarada bilmirlər? Çünki, artıq iqtisadi modelin effektsizliyini dövlət qurumları da gizlədə bilmir. Faktı da etiraf edirlər ki, problem iqtisadi modeldədir. Əgər iqtisadi model məhsuldar və layiqli gəlirli iş yerləri yaratmırsa, regionlarda iqtisadi fəallıq zəifdirsə və gənclər ölkə daxilində gələcək görmürsə, nəticə işsizlik və miqrasiya olur. Sonra isə həmin problemi xaricə göndərməklə həll etdiyimizi düşünürük. İşsizliyi ölkədən çıxarmaq işsizliyi həll etmək deyil, işsizliyi ixrac etməkdir. İnsan ölkədə iş tapa bilmir, xaricə gedir, statistika yaxşılaşır və bunu məşğulluq uğuru kimi təqdim edirik. Halbuki onun əməyi, gəliri və yaratdığı əlavə dəyər başqa iqtisadiyyata xidmət edir. Biz isə statistika ilə təsəlli tapırıq. Xüsusilə də regionlardan gənclərin getməsi demoqrafik, sosial və iqtisadi baxımdan daha ciddi itkilər yaradır”.
Ekspert vurğulayıb ki, məsələ ixtisaslı kadrlara gəldikdə isə itki daha böyükdür:
“Həkim, müəllim, mühəndis və digər mütəxəssislər illərlə təhsil və dövlətin, ailənin, cəmiyyətin sərmayəsi hesabına formalaşır. Onu ölkə daxilində layiqli iş və gəlirlə təmin edə bilməyib xarici əmək bazarına göndəririksə, təkcə işçini deyil, insan kapitalını və gələcək əlavə dəyəri itiririk. Mən xaricdə işləməyi pisləmirəm. Sadəcə xaricdə işləmək seçimdirsə, bu normaldır, yox məcburiyyətdirsə, deməli iqtisadi problemdir. Beləki, işçini və işsizliyi xaricə ixrac etmək ən asan yoldur. Çətin olan isə iqtisadi modeli dəyişmək, yeni sektorlar yaratmaq, regionlarda real iqtisadi aktivlik formalaşdırmaq və insanlara ölkə daxilində gələcək verməkdir”, – deyə iqtisadçı bildirib.
(mediatvaz.com)

Xəbər lenti