Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri (HHMQ) Ər-Riyad bölgəsi istiqamətində buraxılmış iki pilotsuz uçuş aparatını (PUA) məhv edib.

DuzXeber.az-ın məlumatına görə, bu barədə sentyabrın 26-da Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyasının rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki açıqlama verib.

"Biz krallığa qarşı istiqamətləndirilmiş raket və dron təhdidlərini davamlı olaraq izləyir, vəziyyətə tam nəzarət edirik", - deyə general-mayor bildirib.

Koalisiyanın ehtimalına əsasən, həyata keçirilən bu hücumun arxasında husilərin terror qruplaşması dayanır.

Sentyabrın 25-də "Al Masirah" telekanalı bildirib ki, Yəmən Silahlı Qüvvələri Ər-Riyaddakı mühüm strateji obyektə və Yanbu şəhərindəki "Saudi Aramco" neft şirkətinin müəssisəsinə yönəlmiş iki hərbi əməliyyat keçirib. Məlumata görə, hər iki əməliyyat uğurla nəticələnib. Bununla yanaşı, Yəmən tərəfi "blokadaya qarşı blokada" və "eskalasiyaya qarşı eskalasiya" prinsiplərinə sadiq qaldığını bir daha təsdiqləyib.

Paylaş