Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstərə bilər.
Bəs, şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin bir-birinə uyğun gəlməməsinin əsas səbəbləri nələrdir və bu fərq daha çox qiymətləndirmə meyarlarının, müəllim yanaşmasının, yoxsa imtahan formatının fərqli olması ilə bağlıdır?
Mövzu ilə bağlı DuzXeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, son bir neçə ildə məktəblərdə attestatlara yazılan qiymətlərlə Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında əldə olunan nəticələr arasında ciddi fərqlər yaranır.
Ekspert bildirib ki, son vaxtlar DİM-in açıqladığı reytinq cədvəlləri də məktəb direktorlarını bu məsələyə müəyyən qədər meyilli yanaşmağa və ya göz yummağa sövq edir:
"Məktəbin ümumi nəticələri aşağı olduqda rəhbərlik icra orqanları tərəfindən tənqidə məruz qala bilər. Buna görə də belə bir anormallığın aradan qaldırılması üçün Azərbaycanda ali təhsil müəssisələrinə qəbul sistemi sadələşdirilməlidir. Bu halda pozulmuş balans da bərpa olunar və müəllimlərin şagird qiymətləndirməsi öz yerini tapar. Bu qiymətləndirmə məsələsi müəllim nüfuzuna da ciddi təsir göstərir. Şagird DİM-də yüksək nəticə göstərdikdə və həm attestat balını, həm də digər nəticələrini nailiyyət kimi təqdim edə bildikdə məktəbi ikinci dərəcəli və əhəmiyyətsiz hesab etməyə başlayır. Bu isə müəllimlərin qiymətləndirmə baxımından müəyyən çətinliklərlə üzləşməsinə və nüfuzlarının azalmasına səbəb olur. Şagirdlər müəllimləri daha az nəzərə almağa başlayırlar. Bu halın aradan qaldırılması üçün ali təhsil müəssisələrinə qəbul sistemində dəyişiklik edilməlidir".


