DuzXeber.az xəbər verir ki, təxminən bir həftə əvvəl doğmalarımdan biri ağır yol-nəqliyyat hadisəsi keçirərək müxtəlif sınıq və xəsarətlərlə “Semaşka” kimi tanınan 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Həmin günlərdə rayonda olduğum üçün xəstənin vəziyyəti və tibb müəssisəsində baş verənlərlə bağlı məlumatları yaxınlarımdan alırdım. Onların sözlərinə görə, xəstənin yanına daxil olmaq, həkimlə danışmaq və onun vəziyyəti barədə məlumat almaqla bağlı ciddi çətinliklər yaranıb. Daha ciddi məsələ isə mühafizə əməkdaşları ilə bağlı səsləndirilən qeyri-rəsmi ödəniş iddiasıdır.
Bildirilir ki, xəstənin yanında qalmaq istəyən yaxın əvvəlcə həkimə müraciət edib. Həkim bunun mümkün olmadığını bildirərək məsələni mühafizə ilə razılaşdırmağı tövsiyə edib. Mühafizəyə müraciət edilərkən isə məsələnin başqa qaydada həll edilə biləcəyi bildirilib.
Bu məlumatı aldıqdan sonra TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara İbrahimzadə ilə əlaqə saxladım. Mənə xəstənin yanında qalmağın rəsmi ödəniş əsasında mümkün olduğu, bunun üçün kassaya 14 manat ödənilməli olduğu bildirildi. Eyni zamanda, digər məsələlərlə bağlı şöbənin əməkdaşı Günay Əkbərova ilə danışmağım tövsiyə edildi.
Günay Əkbərova ilə əlaqə saxladım, vəziyyəti izah etdim və xəstənin yanında qalmaq istəyən yaxınımızın telefon nömrəsini ona verdim. Daha sonra həmin şəxsdən aldığım məlumata görə, Günay Əkbərova ilə danışılıb və rəsmi ödənişin harada həyata keçirilməli olduğu izah edilib. Ödəniş də kassaya edilib.
Burada sadə, lakin prinsipial sual yaranır: Əgər xəstənin yanında qalmaq qaydalarla mümkündürsə, bu prosedur niyə xəstə yaxınına əvvəldən aydın şəkildə izah edilməyib?
Dövlət tibb müəssisəsində vətəndaşın hüququnun təmin olunması heç kim tərəfindən şəxsi xidmət və ya “köməklik” kimi təqdim edilməməlidir. Rəsmi prosedurun izah edilməsi əməkdaşın vəzifəsidir.
Məsələnin digər tərəfi isə xəstənin tibbi vəziyyəti ilə bağlıdır.
Yaxınlarımızın bildirdiyinə görə, ağır xəsarətlər alan, uzun müddət uzanıqlı vəziyyətdə olan xəstəyə həkim tərəfindən evdə müalicənin davam etdirilə biləcəyi bildirilib. Təbii olaraq, bu yanaşma ailəni narahat edir.
Burada həkimin peşəkarlığına hökm vermək niyyətində deyilik. Lakin tibbi qərarın əsaslandırılması vacibdir. Ağır xəsarətləri olan xəstənin evə buraxılması hansı tibbi meyarlarla müəyyən edilir? Bu qərar hansı müayinələrin nəticəsinə əsaslanır? Xəstənin evdə müalicəyə hazır olması necə qiymətləndirilir?
Bunlar ailənin cavab almaq hüququ olan suallardır.
Təəssüf ki, bu sualları cavablandırmaq əvəzinə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Əkbərova ilə sonrakı telefon danışığımız kifayət qədər gərgin keçdi.
Mənim mövqeyim aydın idi: xüsusi münasibət tələb etmirəm. Jurnalist olduğuma görə heç bir imtiyaz gözləmirəm. Sadəcə ağır vəziyyətdə olan xəstəyə qanunun və tibbi qaydaların tələb etdiyi münasibətin göstərilməsini istəyirəm.
Əslində, vətəndaşın tibb müəssisəsində gördüyü problemi əvvəlcə həmin sahəyə cavabdeh dövlət qurumunun diqqətinə çatdırması normal və məsuliyyətli addımdır. Biz də məsələni dərhal ictimailəşdirmək əvəzinə əvvəlcə TƏBİB-ə müraciət etmişik.
Lakin sonrakı ünsiyyətdən belə təəssürat yarandı ki, bizim bu müraciətimiz bir problem kimi qəbul olunur.
Daha sonra Zara İbrahimzadə ilə əlaqə saxlamaq istədikdə onun mənə yazdığı mesaj da vəziyyətə ayrıca qiymət vermək zərurəti yaradır. Mesajında əməkdaşlarla aqressiv danışdığımı bildirməklə yanaşı, bundan sonra TƏBİB əməkdaşlarına zəng etməməyimi və yazmamağımı istəyib.
Burada artıq konkret sual yaranır: İctimaiyyətlə əlaqələr şöbəsinin vəzifəsi ictimaiyyətin suallarını cavablandırmaqdır, yoxsa narazı vətəndaşın həmin quruma müraciətinin qarşısını almaq?
Media ilə ünsiyyətə cavabdeh strukturun tənqidi müraciəti şəxsi narazılıq kimi qəbul etməsi dövlət idarəçiliyi baxımından sağlam yanaşma sayıla bilməz.
Digər tərəfdən, redaksiyaya təqdim olunan görüntülər də 1 saylı Klinik Tibbi Mərkəzin Kardiologiya şöbəsində “VIP” kimi təqdim olunan palatanın vəziyyəti ilə bağlı suallar yaradır. “VIP” adı ilə təqdim edilən palatanın şəraiti bu statusun məzmununa nə dərəcədə uyğundur? Bu da ayrıca araşdırılmalıdır.
Məsələyə daha geniş prizmadan yanaşdıqda problem artıq bir xəstə və bir xəstəxana çərçivəsindən çıxır.
TƏBİB səhiyyə müəssisələrinin idarə olunmasına cavabdeh qurumlardan biridir. Buna görə də tabelikdə olan müəssisələrdə xəstə hüquqlarının qorunması, tibbi xidmətin keyfiyyəti, şəffaflıq və əməkdaşların vətəndaşlarla davranışı rəhbərliyin diqqətində olmalıdır.
TƏBİB rəhbəri Anar Bayramovun rəhbərliyi dövründə struktur və kadr məsələləri ilə bağlı dəyişikliklər gündəmdə olsa da, əsas məsələ hər zaman idarəetmənin nəticəsi olmalıdır. Kabinetlərin və strukturların formalaşdırılması özlüyündə səhiyyə xidmətinin keyfiyyət göstəricisi deyil.
Əgər tabelikdə olan tibb müəssisəsində xəstə yaxınları ciddi problemlərlə üzləşirsə, ictimaiyyətlə əlaqələrə cavabdeh əməkdaşla ünsiyyət belə qarşıdurmaya çevrilirsə, bu zaman rəhbərliyin həmin proseslərdən nə dərəcədə məlumatlı olduğu sualı meydana çıxır.
Xüsusilə İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətinə diqqət yetirmək lazımdır. Çünki bu struktur rəhbərliyin ictimaiyyətlə əlaqə kanalıdır. Orada çalışan əməkdaşın media nümayəndəsi və ya vətəndaşla davranışı təkcə şəxsi ünsiyyət məsələsi deyil, həm də təmsil etdiyi qurumun ictimai imicidir.
Əgər TƏBİB rəhbəri öz İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətindən xəbərsizdirsə, bu, idarəetmədə nəzarət problemini göstərir. Əgər xəbərdardırsa və belə münasibət normal qəbul edilirsə, onda ictimaiyyətin cavab gözləmək haqqı daha da artır.
Digər ciddi məsələ isə xəstəxanada qeyri-rəsmi ödənişlərlə bağlı səsləndirilən iddialardır. Biz bunu təsdiqlənmiş fakt kimi təqdim etmirik. Lakin belə bir iddia səsləndirilibsə, aidiyyəti qurum bunu araşdırmalıdır. Xüsusilə mühafizə əməkdaşlarının xəstə yaxınlarından qeyri-rəsmi ödəniş tələb etməsi ilə bağlı iddialar varsa, burada daxili araşdırma aparılması və nəticənin ictimaiyyətə açıqlanması vacibdir.
Bizim tələbimiz xüsusi münasibət deyil.
Əksinə, məsələ məhz bundan ibarətdir ki, xəstə jurnalistin qohumudur deyə yox, insan olduğu üçün hüquqlarına uyğun münasibət görməlidir.
TƏBİB əməkdaşının rəsmi proseduru izah etməsi “köməklik” deyil, vəzifə borcudur. Həkimin xəstəni evə buraxması tibbi əsaslarla izah edilməlidir. Xəstəxanada qeyri-rəsmi ödəniş iddiası varsa, araşdırılmalıdır. Media nümayəndəsi sual verirsə, ona cavab verilməlidir.
Bunlar fövqəladə tələblər deyil. Normal idarəçilik üçün minimum şərtlərdir.
Ona görə də TƏBİB rəhbərliyindən gözlənti sadədir: tabelikdə olan tibb müəssisəsində baş verənləri kabinetlərdən deyil, faktlardan qiymətləndirməkdir.
Çünki səhiyyə sistemində əsas göstərici kabinetlərin sayı, təyinatların çoxluğu və struktur dəyişiklikləri deyil. Əsas göstərici xəstənin qapıdan daxil olduğu andan etibarən qarşılaşdığı münasibət və aldığı tibbi xidmətin keyfiyyətidir.
Məsələni araşdırmaq niyyətindəyik. Xəstəxananın, TƏBİB-in və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Müəllif: Kamal Əsgərov



