DuzXeber.az saytının baş redaktoru, tanınmış jurnalist Kamal Əsgərov instaqram hesabında Zəfər günü ilə bağlı təsirli paylaşım edib. Paylaşım mətnini sizə olduğu kimi təqdim edirik:
"Zəfər yalnız hərbi qələbənin təntənəsi deyil, həm də illərlə qorunan bir haqqın, yarımçıq qalmış arzuların və xalqın iradəsinin tarixi təsdiqidir. Bu gün biz sadəcə qazanılmış qələbəni deyil, həmin qələbənin arxasında dayanan böyük fədakarlığı, itkiləri, şəhidlərin əmanətini və qazilərin ömürlük daşıdığı ağrıları da xatırlamalıyıq.
Torpaqların azad edilməsi tarixi ədalətin bərpası idi. Lakin bu ədalətin mənəvi məsuliyyəti Zəfər Gününün qeyd olunması ilə bitmir. Əsl qələbə azad edilmiş torpaqlarda həyatın, quruculuğun, sosial ədalətin və insan ləyaqətinin bərqərar olması ilə tamamlanır. Şəhidlərin uğrunda can verdiyi Vətən yalnız coğrafi sərhədlərlə deyil, həm də onun insanına göstərilən münasibətlə, haqqın qorunması və ədalətin təmin edilməsi ilə dəyərlidir.
Bu gün bayrağımızın dalğalandığı hər qarış torpaq bizə həm qürur, həm də məsuliyyət xatırladır. Şəhidlərin xatirəsini yalnız mərasimlərdə deyil, onların uğrunda mübarizə apardığı dəyərlərə sahib çıxmaqla yaşatmalıyıq.
Zəfərimiz əbədi, şəhidlərimizin ruhu şad, qazilərimiz var olsun!
8 Noyabr – Zəfər Günümüz mübarək!"


