DuzXeber.az xəbər verir ki, paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində sakinlərin ciddi narazılığına səbəb olan tikinti məsələsi yenidən gündəmə gəlib. Söhbət Məhəmməd Xiyabani küçəsi 44 ünvanında yerləşən, sakinlər arasında «yarımçıq məktəb» kimi tanınan ərazidən gedir. Uzun illərdir həmin sahənin parkın genişləndirilməsi üçün istifadə olunacağını gözləyən sakinlər indi bu ərazidə yeni çoxmərtəbəli yaşayış binalarının inşa edilməsi ehtimalından narahatdırlar.
Məsələnin diqqətçəkən tərəfi odur ki, sözügedən ərazinin gələcək təyinatı ilə bağlı sakinlərin gözləntiləri 2018-ci ildə formalaşıb. Həmin il dekabrın 26-da Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Yeni Yasamal parkında aparılan yenidənqurma işlərindən sonra ərazidə olublar. Sakinlərin iddiasına görə, ölkə başçısı parkın sahəsinin kiçik olduğunu vurğulayaraq onun genişləndirilməsinin vacibliyini bildirib. Hətta parkın «Şuşa məktəbi» kimi tanınan əraziyə qədər genişləndirilməsi məsələsinin də səsləndirildiyi qeyd olunur.
Həmin görüşdə iştirak etdiyini bildirən Məhəmməd Xiyabani küçəsi 44 ünvanının sakini Əhmədəğa Dünyamalıyev də ölkə başçısının parkın kiçikliyindən narazı qaldığını, həmin vaxt Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərinə ərazinin genişləndirilməsi ilə bağlı tövsiyə verdiyini deyir. Onun sözlərinə görə, sakinlər artıq yeddi ilə yaxındır ki, həmin tövsiyənin həyata keçiriləcəyinə ümid edirlər.
Ancaq bu gün ortaya çıxan mənzərə həmin gözləntilərin tam əksinədir. Vətəndaşların iddialarına görə, «Şərur MTK»nın rəhbəri, ictimaiyyət arasında «Şərurlu İsfəndiyar» kimi tanınan İsfəndiyar Axundov parkın yaxınlığında çoxsaylı hündürmərtəbəli yaşayış binaları inşa etdirir. Mövcud tikinti sahəsində boş ərazilərin tükənməsi səbəbindən növbəti mərhələdə diqqətin məhz parkın genişləndirilməsi üçün nəzərdə tutulduğu iddia edilən «yarımçıq məktəb» ərazisinə yönəldildiyi bildirilir.
Beləliklə, sakinlərin illərdir parkın genişləndirilməsi ümidi ilə gözlədikləri ərazi yeni tikinti planlarının mümkün ünvanına çevrilir. Bu isə artıq adi tikinti mübahisəsi deyil, ictimai maraqların və şəhərsalma prioritetlərinin hansı istiqamətdə müəyyənləşdirilməsi məsələsidir.
Yeni Yasamal ərazi baxımından geniş yaşayış massivlərindən hesab olunmur. Buna baxmayaraq, son illərdə burada o qədər çoxmərtəbəli bina inşa edilib ki, sakinlərin rahat şəkildə gəzməsi, ailələri ilə istirahət etməsi, uşaqların açıq havada vaxt keçirməsi üçün münasib məkanlar getdikcə məhdudlaşıb. Mövcud Yeni Yasamal parkı isə ərazidəki əhali sayını nəzərə aldıqda kifayət qədər kiçikdir. İnsanlar həmin parkdan lazımi səviyyədə yararlana bilmirlər. Belə bir şəraitdə mövcud yaşıllıq sahəsini genişləndirmək əvəzinə, yeni tikinti sahəsi yaratmaq cəhdi ictimai maraqların açıq şəkildə arxa plana keçirilməsi kimi qiymətləndirilə bilər.
Daha ciddi narahatlıq doğuran məqam isə yeni tikililərin bir-birinə son dərəcə yaxın məsafədə inşa edilməsi ilə bağlı sakinlərin səsləndirdikləri iddialardır. Əgər tikinti layihələri zamanı binalar arasındakı normativ məsafələr, yanğın təhlükəsizliyi və fövqəladə hallarda təxliyə imkanları lazımi qaydada nəzərə alınmırsa, bunun gələcəkdə hansı ağır nəticələrə səbəb ola biləcəyi indidən qiymətləndirilməlidir. Sıx tikilmiş binaların arasında insanların təhlükəsiz hərəkəti və xilasedici texnikanın əraziyə maneəsiz daxil olması üçün zəruri şərait yaradılmalıdır.
Təəssüf ki, bəzi hallarda tikinti sahələrinin artırılması və daha çox mənzil əldə edilməsi maraqları yaşayış mühitinin keyfiyyətindən üstün tutulur. Halbuki şəhərsalmanın mahiyyəti boş torpaq sahələrini mümkün qədər çoxmərtəbəli binalarla doldurmaq deyil. Şəhər, ilk növbədə, orada yaşayan insanların təhlükəsizliyi, sağlamlığı, rahatlığı və sosial ehtiyacları nəzərə alınmaqla qurulmalıdır. Bu prinsiplər nəzərə alınmadıqda, tikinti şirkətləri üçün iqtisadi səmərə yaradan layihələr sakinlər üçün uzunmüddətli yaşayış problemlərinə çevrilir.
Məsələnin daha düşündürücü tərəfi isə sakinlərin fərdi yaşayış evləri ilə bağlı səsləndirdikləri iddialardır. Vətəndaşların bildirdiyinə görə, «yarımçıq məktəb» ərazisindən kənarda yerləşən fərdi yaşayış evlərinin sakinləri ilə də müəyyən şəxslər əlaqə saxlayaraq onların mənzilləri barədə məlumat toplamağa başlayıblar. Sakinlər həmin şəxslərdən bu məlumatların kimə və hansı məqsədlə lazım olduğunu soruşduqda isə gələcəkdə dövlət tərəfindən kompensasiya ödənilməsi və mənzillərin sökülməsi ehtimalından danışıldığı iddia olunur.
Burada xüsusilə diqqət çəkən məqam bəzi şəxslərin dövlətin adından istifadə etməklə vətəndaşlarla danışıqlar apardığına dair iddialardır. Əgər bu məlumatlar həqiqəti əks etdirirsə, artıq söhbət yalnız tikinti planından deyil, vətəndaşların mülkiyyət hüququna və hüquqi təhlükəsizliyinə toxunan ciddi məsələdən gedir. Heç bir rəsmi qərar, hüquqi əsas və səlahiyyət olmadan dövlət adından kompensasiya və söküntü ehtimalının səsləndirilməsi yolverilməzdir.
Dövlət adından danışmaq hər kəsin özbaşına istifadə edə biləcəyi bir səlahiyyət deyil. Hər hansı ərazidə yenidənqurma, söküntü və ya köçürülmə nəzərdə tutulursa, bu, müvafiq dövlət qurumlarının rəsmi qərarları, qanunvericiliyin tələbləri və mülkiyyətçilərin hüquqları çərçivəsində həyata keçirilməlidir. Vətəndaşların yaşadıqları mənzillərlə bağlı qeyri-rəsmi şəxslər vasitəsilə məlumatlandırılması və gələcəkdə kompensasiya veriləcəyi barədə ehtimalların yayılması isə aydınlıq gətirilməli olan ciddi məsələdir.
Sakinlərin başqa bir iddiası da ondan ibarətdir ki, illər əvvəl zərərçəkmiş vətəndaşların mənzil probleminin həllində iştirak edən İsfəndiyar Axundova dövlət tərəfindən «yarımçıq məktəb» ərazisinin gələcəkdə tikinti üçün ayrıldığı bildirilib. Bu iddianın hüquqi əsasının hansı sənədlə təsdiqləndiyi isə hələlik ictimaiyyətə məlum deyil.
Məsələ ilə bağlı sakinlər daha əvvəl televiziya kanallarına müraciət edərək narazılıqlarını ictimailəşdiriblər. Ərazidə çəkilişlər aparılıb, vətəndaşların mövqeyi dinlənilib və qarşı tərəf olaraq «Şərur MTK»nın rəhbəri İsfəndiyar Axundovun da fikirləri öyrənilib.
Axundov açıqlamasında vaxtilə zərərçəkmiş vətəndaşların mənzil probleminin həllində iştirak etdiklərini, bunun müqabilində dövlət tərəfindən onlara bina tikmək üçün ərazi ayrıldığını bildirib. O, ərazinin boşaldılmasının artıq yeddi ildir gözlənildiyini və bunun MTK-nın deyil, dövlətin öhdəliyi olduğunu qeyd edib.
İş adamının bu açıqlaması isə məsələyə dair bir sıra hüquqi və ictimai sualları gündəmə gətirir. Əgər dövlət tərəfindən həmin ərazi həqiqətən də «Şərur MTK»ya tikinti üçün ayrılıbsa, bu qərar hansı tarixdə və hansı hüquqi sənəd əsasında qəbul edilib? Torpaq sahəsinin təyinatı nədir? Ərazinin parkın genişləndirilməsi məqsədilə istifadə olunması ilə bağlı əvvəlki tövsiyələr sonradan hansı əsasla dəyişdirilib?
Bütün bunların rəsmi sənədlərlə aydınlaşdırılması vacibdir. Çünki bir tərəfdə sakinlərin illərdir gözlədiyi parkın genişləndirilməsi, digər tərəfdə isə həmin ərazidə tikinti aparmaq hüququnun olduğunu bildirən şirkət mövqeyi dayanır. İctimai marağa toxunan belə bir məsələnin yalnız şifahi açıqlamalarla izah edilməsi qəbuledilməzdir.
Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş doğma torpaqlarına qayıdışı da məsələnin diqqətdən kənarda qalmamalı olan tərəflərindəndir. Məlum olduğu kimi, uzun illər həmin yarımçıq məktəb binasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Artıq onların mərhələli şəkildə doğma yurdlarına köçürülməsi prosesi davam edir və sakinlərin məlumatına görə, həmin ərazidən bəzi ailələr də öz doğma kəndlərinə qayıdıblar.
Təbii ki, vətəndaşlarımızın doğma torpaqlarına qayıtması dövlətimizin həyata keçirdiyi mühüm siyasətin nəticəsidir. Lakin məcburi köçkünlərin qayıdışı ilə əlaqədar boşalan ərazilərin gələcək təyinatı da ictimai maraqlar və təsdiqlənmiş şəhərsalma planları əsasında müəyyənləşdirilməlidir. Bu proses hər hansı tikinti şirkətinin kommersiya maraqlarının avtomatik təmin olunması üçün əsas kimi təqdim edilməməlidir.
Sakinlərin diqqətə çatdırdığı daha bir ciddi məsələ isə ərazidə mövcud olan yaşıllıq sahələridir. Onların iddiasına görə, gələcəkdə tikinti işlərinin aparılması nəzərdə tutulan ərazidə müxtəlif növlərə aid 300-dən artıq çoxillik ağac mövcuddur. Bu məlumat təsdiqini taparsa, söhbət sadəcə boş torpaq sahəsindən deyil, illər ərzində formalaşmış və həmin ərazinin ekoloji tarazlığında mühüm rol oynayan yaşıllıq zolağından gedir.
Sıx məskunlaşmış Yeni Yasamalda 300-dən artıq ağacın mövcudluğu kiçik məsələ deyil. Bu ağaclar ərazinin havasına, mikroiqliminə və insanların sağlam yaşayış mühitinə təsir göstərir. Belə bir yaşıllıq sahəsinin tikinti maraqları naminə təhlükə qarşısında qalması ciddi narahatlıq doğurur. Aidiyyəti qurumlar ağacların inventarlaşdırılmasını aparmalı, onların qorunması üçün hüquqi və praktiki tədbirlər görməli, ərazidə nəzərdə tutulan hər hansı layihənin ekoloji nəticələrini açıqlamalıdırlar.
Bütün bu məqamlar fonunda Yasamal Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti dövlət qurumlarının indiyədək məsələyə aydınlıq gətirməməsi də təəssüf doğurur. Ərazinin gələcək təyinatı, parkın genişləndirilməsi ilə bağlı 2018-ci ildə səsləndirildiyi iddia olunan tövsiyənin icra vəziyyəti, «Şərur MTK»ya torpaq ayrılması barədə qərarın hüquqi əsası və sakinlərin mülkiyyət hüquqlarına toxunan iddialar rəsmi şəkildə araşdırılmalıdır.
Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə münasibət bildirməli, hər biri öz səlahiyyətləri çərçivəsində konkret mövqe ortaya qoymalıdır. Xüsusilə tikinti layihəsinin şəhərsalma normalarına uyğunluğu, ərazinin yaşıllıq sahələrinin qorunması və sakinlərin təhlükəsizliyi ilə bağlı ictimaiyyətə dolğun məlumat verilməlidir.
İsfəndiyar Axundovun rəhbərlik etdiyi «Şərur MTK» da sakinlərin səsləndirdiyi iddialara, fərdi yaşayış evləri ilə bağlı məlumat topladığı deyilən şəxslərin kimliyinə və ərazidə planlaşdırılan tikintinin hüquqi əsaslarına aydınlıq gətirməlidir.
Əslində, bu məsələdə əsas prinsip çox sadədir: şəhərin inkişafı insanların yaşayış şəraitinin pisləşdirilməsi hesabına həyata keçirilməməlidir. Bir ərazidə yeni binaların tikilməsi iqtisadi baxımdan kimlərəsə gəlir gətirə bilər, lakin həmin tikintinin nəticəsində minlərlə insanın istirahət imkanları məhdudlaşır, yaşıllıqlar təhlükə altına düşür və təhlükəsizlik riskləri artırsa, bu, inkişaf deyil, ictimai maraqların kommersiya maraqlarına qurban verilməsidir.
Yeni Yasamal sakinləri illərdir gözlədikləri parkın genişləndirilməsini istəyirlər. Onların tələbi əlavə bina, yeni beton konstruksiya və daha sıx yaşayış deyil. İnsanlar sadəcə yaşadıqları ərazidə nəfəs ala biləcəkləri, uşaqlarını gəzdirə biləcəkləri, ailələri ilə rahat istirahət edə biləcəkləri ictimai məkanın qorunmasını və genişləndirilməsini tələb edirlər.
Bir vaxtlar parkın kiçikliyinə diqqət çəkildiyi və genişləndirilməsinin vacibliyinin vurğulandığı bildirilən həmin ərazinin bu gün yeni tikinti mübahisəsinin mərkəzinə çevrilməsi ciddi düşündürücü mənzərədir. Əgər dövlətin əsas məqsədi vətəndaşların rifahını yüksəltmək, yaşayış mühitini yaxşılaşdırmaqdırsa, bu məqsəd ayrı-ayrı tikinti maraqlarından üstün tutulmalıdır.
Ən əsası, bu gün Yeni Yasamalda baş verənlərə vaxtında müdaxilə edilməsə, sabah yaranacaq şəhərsalma, ekoloji və təhlükəsizlik problemlərinin məsuliyyətini heç kim sakinlərin üzərinə ata bilməyəcək. İctimai ərazilərin qorunması, yaşıllıqların saxlanılması və insanların təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi aidiyyəti qurumların birbaşa vəzifəsidir.
DuzXeber.az olaraq məsələni diqqətdə saxlayacağıq. Araşdırmalarımız davam edir. Qarşı tərəfin, o cümlədən adı çəkilən dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.


