ABŞ prezidenti Donald Tramp İrana qarşı quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısının alınmasına yönəlmiş "Dəmir Qapılar" (Task Force Iron Gate) işçi qrupunun fəaliyyətə başladığını rəsmən təsdiqləyib.
DuzXeber.az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" səhifəsində məlumat yayaraq, qrupun dəniz blokadası ilə birlikdə İrana heç bir yükün daxil olmasına və ya çıxmasına imkan vermədiyini bildirib. Noyabrın 7-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən təsis edilən bu xüsusi qrupun Floridada yerləşəcəyi və 20 nəfərdən ibarət olacağı açıqlanıb.
Pentaqonun məlumatına görə, əsas məqsəd qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiya tətbiq olunan materialların İrana ötürülməsinin qarşısını almaq, həmçinin Tehranın qeyri-qanuni gəlir əldə etməsinin yolunu kəsməkdir. Lakin hərbi analitiklər hesab edirlər ki, cəmi 20 nəfərdən ibarət qrupun Xəzər dənizi və quru sərhədlərini fiziki olaraq tam nəzarətdə saxlaması qeyri-mümkündür. Bu baxımdan, qurumun əsas hədəfi kəşfiyyat məlumatlarının operativ koordinasiyası və üçüncü tərəflərə, o cümlədən şirkətlərə qarşı sanksiyaların sürətləndirilməsidir. Xüsusilə ABŞ-nin sərt dəniz blokadasından sonra İranın Rusiya ilə ticarətdə Xəzər dənizindən əsas dəhliz kimi istifadə etməsi fonunda bu addımın geosiyasi gərginliyi daha da artıracağı gözlənilir.
İran tərəfi, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri isə ABŞ-nin bu cəhdlərinin uğursuzluğa məhkum olduğunu və kağız üzərində qalacağını bəyan ediblər.//Əli


