25.08.2026

İki od arasında: Qlobal müharibənin şok hədəfi kimdir? – GİZLİ DETALLAR

Ağ Evin sahibi Donald Trampın rəhbərliyi altında İrana qarşı sərtcəsinə dövriyyəyə buraxılan yeni maliyyə-iqtisadi təzyiq dalğası bütövlükdə regionda balansları hər an alt-üst edə biləcək təhlükəli həddə çatıb. Nüfuzlu "Reuters" agentliyinin yaydığı məlumatlara görə, rəsmi Vaşinqtonun Tehranla istənilən formada ticarət və iqtisadi təmas saxlayan dövlətləri hədəfə alacağı bildirilir və bu qara siyahıda Azərbaycanın da adı xüsusi olaraq vurğulanır. Hərçənd ki, respublikamızın cənub qonşumuzla ticarət dövriyyəsinin həcmi digər dövlətlərlə müqayisədə qat-qat azdır, lakin ABŞ-ın tətbiq etmək istədiyi qaydaların hələ ki birmənalı şərh olunmaması Bakı üçün müəyyən geosiyasi risklər ehtiva edir. Donald Trampın İranı dünya iqtisadiyyatından təcrid etmək üçün elan etdiyi bu yeni strategiya fonunda Tehran da əl-qolsuz oturmayıb; İranın xarici işlər naziri Abbas Əraqçi Ağ Evin bu addımını daxili böhranlardan yayınmaq üçün bərbad şou adlandırsa da, rəsmi Tehran açıq şəkildə qonşu ölkələrə ultimatum xarakterli xəbərdarlıqlar göndərib. İran tərəfi bəyan edib ki, ABŞ-ın sanksiyalarına dəstək verən və ya bu iqtisadi müharibədə Vaşinqtonun çaldığı hava ilə oynayan istənilən regional dövlət avtomatik olaraq Tehranın düşərgəsində yer alacaq və onların iqtisadi maraqları sərt şəkildə hədəfə alınacaq.

Beləliklə, ikitərəfli qlobal qarşıdurmanın ortasında qalan Bakı yenə də klassik "geosiyasi sendviç" dilemmasının ağır yükü ilə üz-üzə qalıb. Bəs görəsən, supergüclərin bu amansız iqtisadi toqquşması fonunda Azərbaycan öz neytrallığını və təhlükəsizliyini qoruyub saxlaya biləcəkmi?

DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan siyasi ekspert Əli Əkbəroğlu qeyd edib ki, Azərbaycanın coğrafi yerləşməsi və yürütdüyü müstəqil xarici siyasət belə həssas dönəmlərdə ölkəmizi qlobal güclərin kəsişmə nöqtəsinə çevirir və bu da xüsusi diplomatik çeviklik tələb edir:

"Birləşmiş Ştatların İrana qarşı sərtləşdirdiyi sanksiya siyasəti təkcə birbaşa ticarəti deyil, həm də tranzit yollarını və regional kommunikasiyaları hədəfə ala bilər. Azərbaycan həm Qərblə, həm də qonşu İranla qonşuluq prinsiplərinə əsaslanan münasibətlərə malikdir. Lakin ABŞ-ın bu təzyiqləri fonunda Tehranın qonşu dövlətlərə yönəlik sərt hədə-qorxuları ölkəmizi çətin seçim qarşısında qoya bilər. Bakı heç bir halda xarici dövlətlərin iqtisadi maraqlarının qurbanına çevrilməməlidir. Azərbaycanın indiki mərhələdə yeganə çıxış yolu mövcud iqtisadi əlaqələrini ölkənin milli maraqlarına uyğun şəkildə tənzimləmək, birtərəfli təzyiqlərə qarşı isə balanslaşdırılmış diplomatiya nümayiş etdirməkdir. Vaşinqtonun tələbləri ilə Tehranın sərt reaksiyaları arasında manevr etmək həyati əhəmiyyət daşıyır, çünki regionda baş verə biləcək hər hansı bir iqtisadi silkələnmə ilk növbədə sərhəddə yerləşən ölkələrə təsir göstərəcək."//Tunar
(nocomment.az)

Xəbər lenti