1.09.2026

Putin-Paşinyan görüşü: Bişkekdə ağır söhbət olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında Bişkekdə keçiriləcək görüşdə gərginlik çox yüksək olacaq.
DuzXeber.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinin Beynəlxalq Münasibətlər və Diplomatiya kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Qriqor Balasanyan “Sputnik Armenia”ya bildirib.
Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə İrəvanın Aİ-yə üzvlük istəklərini müzakirə etmək üçün fürsətdən istifadə edəcək. 24 avqustda Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə İrəvanın tezliklə Aİ-yə üzvlük ərizəsini hazırlamağa başlayacağını elan etdi.
Balasanyan qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın iki lider arasında görüşdən əvvəl verdiyi açıqlamalar təsadüfi deyil:
“Qarşıda kifayət qədər çətin bir söhbət var - baxmayaraq ki, mətbuat qarşısında deyil, qapalı qapılar arxasında. Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan Baş naziri ilə bağlı son şərhləri də məhz bunu göstərir. Xarici İşlər Nazirliyinin sözçüsü səfərdən əvvəl belə açıqlamalar vermir".
Ekspert qeyd edib ki, Paşinyan və Putin arasındakı görüşdən sonra Ermənistan-Rusiya münasibətlərində hər hansı əhəmiyyətli müsbət dəyişikliklər gözləmək çətindir:
“Məsələn, Rusiya bazarının Ermənistan mallarına açılacağı və ya digər oxşar məsələlərin həll olunacağı", - deyə ekspert qeyd edib.
Kremlin mətbuat katibi Dmitri Peskovun "biz ermənilərin özlərindən daha çox erməni ola bilmərik" ifadəsini şərh edən Balasanyan qeyd edib ki, bu, müxtəlif cür şərh edilə bilər.
“Bu, daha sərt cavab xəbərdarlığı kimi qəbul edilə bilər, eyni zamanda birbaşa Ermənistan cəmiyyətinə ünvanlanmış bir mesaj da ola bilər. Əgər insanlar daim etiraz edir və hökumətin siyasətindən narazıdırlarsa, bütün günahı Moskvanın üzərinə atmamalı və ya onun müdaxilə edib hər problemi həll edəcəyini gözləməməlidirlər. Düşünürəm ki, Peskovun “Biz ermənilərin özlərindən daha çox erməni ola bilmərik” deməsi məhz bunu nəzərdə tuturdu”, - deyə o qeyd edib.//Müəllif: Tural

Xəbər lenti