Dəniz sahili hamının gözündə istirahət və çimərlik məkanıdır. Lakin sahilin müəyyən hissəsində “Burada çimmək qəti qadağandır” lövhəsi qoyulur, ərazi mühafizə edilir və vətəndaşların həmin sahəyə girişinə maneə yaradılırsa, təbii olaraq suallar ortaya çıxır: Bu qadağanı kim qoyub? Əraziyə kim nəzarət edir? Mühafizəçilər hansı quruma tabedir və onların fəaliyyətinin hüquqi əsası nədir?

Məhz bu suallar “DuzXeber.az” informasiya portalının redaksiyasına müraciət edən vətəndaş Muxtarlı İlqar Arif oğlunun səsləndirdiyi iddialardan sonra gündəmə gəlib.

İlqar Muxtarlının sözlərinə görə, o, 5 sentyabr 2026-cı il tarixində ailəsi ilə birlikdə Bakı şəhərinin Xəzər rayonu ərazisində, yerli sakinlər arasında “Qres” kimi tanınan dənizkənarı sahəyə gedib. 

Vətəndaşın bildirdiyinə görə, ərazinin təxminən 200 metrlik hissəsində çimməyin qadağan edildiyini bildirən lövhələr quraşdırılıb və insanların həmin sahəyə daxil olmasına imkan verilməyib.

Onun sözlərinə görə, ərazidə gözətçi məntəqələri və mühafizəçilər də olub. Lakin mühafizəçilərin hansı quruma və ya özəl mühafizə şirkətinə aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Vətəndaş həmçinin həmin şəxslərin özlərini konkret qurumun əməkdaşları kimi təqdim etmədiklərini bildirib.

İlqar Muxtarlı daha ciddi iddialar da səsləndirib. Onun sözlərinə görə, mühafizəçilər tərəfindən ailə üzvlərinin yanında ona qarşı fiziki təzyiq göstərilib və əraziyə buraxılmaq müqabilində ondan pul tələb olunub. 

Vətəndaş həmçinin mühafizəçilərdən birinin alkoqol sərxoşluğu vəziyyətində olduğunu iddia edib.

Redaksiyamız bu iddiaların həqiqiliyini təsdiq etmir. Məsələnin ictimai maraq doğuran tərəfi isə ondan ibarətdir ki, vətəndaşın qarşılaşdığını bildirdiyi vəziyyətin arxasında hansı qurumun və ya təşkilatın dayandığı hələ aydın deyil.

Məsələ ilə bağlı ilk olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumdan redaksiyamıza bildirildi ki, sözügedən ərazidə həyata keçirilən xidmət Daxili İşlər Nazirliyinə aid deyil.

Daha sonra Fövqəladə Hallar Nazirliyinə rəsmi sorğu ünvanlayaraq məsələyə aydınlıq gətirməyə çalışdıq.

FHN-nin Mətbuat Xidməti bildirdi ki, videoda qeydə alınmış ərazi nəzarətdə olan çimərlik ərazisi deyil. 

Nazirliyin məlumatına görə, həmin ərazidə mövcud nişanlar FHN tərəfindən quraşdırılmayıb və ərazi nəzarətsiz qeyri-çimərlik ərazisidir.

Nazirlik həmçinin açıqlamasında vurğulayıb ki, sahil zolağının çimmək üçün qadağan olunması barədə qərarı FHN vermir. 

Çimərliklərin təşkili və ya çimərlik ərazilərinə girişə görə hər hansı məbləğin, o cümlədən rüsum və digər ödənişlərin alınması da FHN-in səlahiyyətlərinə daxil deyil.

FHN-in açıqlamasına əsasən, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yalnız çimərlik kimi fəaliyyət göstərən ərazilərdə insanların suda təhlükəsizliyinin təmin olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri təhlükəsizlik tədbirləri həyata keçirir.

Beləliklə, hazırkı mərhələdə ortaya kifayət qədər maraqlı mənzərə çıxır: vətəndaşın iddia etdiyi ərazidə qadağanedici nişanlar var, ərazi mühafizə olunur, lakin həm DİN, həm də FHN bu fəaliyyətin onların qurumlarına aid olmadığını bildirir.

O zaman sual dəyişir: “Qres” ərazisində bu mühafizəni kim həyata keçirir və insanların dənizə girişinə kim, hansı hüquqi əsasla məhdudiyyət qoyur?

Məsələ ilə bağlı ötən gün “Kanal 14” YouTube internet televiziyasının efirində də müzakirə aparılıb. Vətəndaş İlqar Muxtarlı ilə “DuzXeber.az” informasiya portalının baş redaktoru Kamal Əsgərov arasında baş tutan müzakirədə vətəndaşın iddiaları və ərazidə baş verdiyi bildirilən hadisənin detalları müzakirə olunub.

DuzXeber.az” olaraq məsələ ilə bağlı araşdırmalarımızı davam etdiririk. Əldə olunacaq yeni məlumatlar və aidiyyəti qurumların mövqeləri barədə oxucularımızı məlumatlandıracağıq.

Məsələyə qayıdacağıq.

Paylaş