
DuzXeber.az xəbər verir ki, təhsil sistemində şəffaflıq, obyektivlik, MİQ imtahanlarının dürüstlüyü və ədalətli kadr siyasəti barədə müzakirələrin davam etdiyi bir vaxtda, Elm və Təhsil Nazirliyinin audit yoxlaması zamanı müəyyən edildiyi bildirilən faktlar diqqət çəkir.
Söhbət Məmmədov Mirsəyyaf Mirbaba oğlunun əvvəlcə direktor müavini, daha sonra isə ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olunması ilə bağlı audit sənədində əksini tapan hallardan gedir.
Məlumata görə, M.Məmmədov 23 sentyabr 2022-ci ildə Zərdab rayonu Çallı kənd tam orta məktəbində müddətli əmək müqaviləsi əsasında Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilib.
Lakin audit materiallarında onun bundan cəmi bir neçə ay sonra — 1 fevral 2023-cü ildə Samux rayonu İstixana kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edildiyi göstərilir.
Məsələnin diqqətçəkən tərəfi də məhz bundan sonra başlayır.
Audit Aktında qeyd olunan məlumatlara əsasən, həmin təyinat zamanı M.Məmmədovun direktor müavini vəzifəsi üçün tələb olunan pedaqoji staja malik olmadığı, eyni zamanda daimi əsaslarla müəllimlik fəaliyyəti göstərmədiyi bildirilir. Bununla yanaşı, ona MİQ-dən kənar müəllimlik fəaliyyəti göstərməsinə şərait yaradıldığı da audit sənədində əksini tapıb.
Burada söhbət yalnız ayrı-ayrı əmək münasibətlərindən getmir. Məsələ dövlət ümumi təhsil müəssisələrində kadrların seçilməsi və yerləşdirilməsi mexanizminin hansı prinsiplərlə işlədiyi ilə bağlıdır.
Çünki müəllimlərin işə qəbulu üzrə MİQ mexanizmi məhz namizədlərin vahid və mərkəzləşdirilmiş prosedur əsasında qiymətləndirilməsini nəzərdə tutur. Belə bir sistemdə ayrı-ayrı şəxslərin hansı hallarda MİQ-dən kənar müəllimlik fəaliyyətinə cəlb olunması təbii olaraq izah tələb edir.
Direktor təyinatı isə məsələnin daha mühüm hissəsidir.
2018-ci ildə təsdiq edilmiş və həmin dövrdə tətbiq olunan “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən, direktor vəzifəsi üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisası üzrə ali təhsili, ən azı 5 il pedaqoji stajı olan və həmin vaxt ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərdilər.
Nazirliyin özünün də direktorların işə qəbulu ilə bağlı açıqlamalarında 5 illik pedaqoji staj tələbi açıq şəkildə göstərilib.
Lakin audit Aktında əksini tapan məlumatlara görə, M.Məmmədov 14 sentyabr 2023-cü il tarixli 3-29/3-1-1162K/2023 nömrəli əmrlə Goranboy rayonu Balakürd kənd Knyaz Alışanov adına tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin edilib.
Beləliklə, sənəddə əksini tapan məlumatlar bir-birinin ardınca baş verən iki mühüm kadr təyinatını gündəmə gətirir: əvvəlcə direktor müavini, daha sonra direktor vəzifəsi.
Əgər audit Aktında göstərilən staj və prosedur məsələləri doğrudursa, burada araşdırılmalı olan əsas məsələ yalnız M.Məmmədovun həmin vəzifələrə necə təyin edilməsi deyil. Eyni zamanda həmin təyinatların həyata keçirilməsinə razılıq verən, namizədin sənədlərini yoxlayan və onun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləyən vəzifəli şəxslərin də məsuliyyəti məsələsi ortaya çıxır.
Çünki dövlət kadr siyasətinin hüquqi mahiyyəti ondan ibarətdir ki, müəyyən edilmiş tələblər konkret şəxsdən asılı olmayaraq bütün namizədlərə eyni qaydada tətbiq edilməlidir.
MİQ-dən kənar fəaliyyətə hansı əsasla icazə verilib?
Audit sənədində M.Məmmədova MİQ-dən kənar müəllimlik fəaliyyəti göstərilməsinə şərait yaradıldığı qeyd edilirsə, bu halın hüquqi və inzibati əsasları ayrıca izah olunmalıdır.
Əks halda, MİQ imtahanına hazırlaşan və həmin mexanizm vasitəsilə vakant yerlər uğrunda rəqabət aparan minlərlə müəllim namizədinin qarşısında bərabər imkan prinsipinin necə təmin edildiyi sualı açıq qalır.
“Təhsil haqqında” Qanun təhsil qanunvericiliyinin məqsədləri sırasında təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsini və təhsil sisteminin fəaliyyətinin hüquqi təminatlarını göstərir. Həmin Qanunun 33-cü maddəsində təhsilverənlərin hüquq və vəzifələrinin qanunvericilik və digər normativ hüquqi aktlarla tənzimləndiyi, onların təhsil müəssisəsində vəzifə tutmaq hüququnun olduğu müəyyən edilir.
Bu baxımdan kadr seçimində şəffaflıq yalnız müsabiqənin keçirilməsi ilə məhdudlaşmamalı, müsabiqəyə buraxılma mərhələsindən başlayaraq bütün prosedurun hüquqi tələblərə uyğunluğu təmin edilməlidir.
Audit faktı varsa, məsuliyyət məsələsi də cavabsız qala bilməz
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək və icra intizamının pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan hallarda işçi və işəgötürən intizam, inzibati və digər məsuliyyət daşıya bilərlər. İntizam tənbehinin tətbiqi qaydaları isə Məcəllənin 187-ci maddəsində müəyyən edilir. Audit nəticəsində aşkar edilmiş vəzifə hüquqpozuntuları ilə bağlı intizam tənbehi üçün qanunda ayrıca müddət də nəzərdə tutulur.
Lakin burada mühüm hüquqi məqam ondan ibarətdir ki, audit sənədində hər hansı prosedur pozuntusunun göstərilməsi avtomatik olaraq konkret şəxsin cinayət və ya inzibati hüquqpozma törətdiyi anlamına gəlmir. Bunun üçün səlahiyyətli orqan tərəfindən ayrıca hüquqi qiymətləndirmə aparılmalıdır.
Ona görə də əsas sual məhz budur: audit zamanı müəyyən edildiyi bildirilən pozuntular üzrə hansı hüquqi qiymətləndirmə aparılıb?
M.Məmmədov hazırda da direktor vəzifəsində fəaliyyət göstərirmi?
Əgər fəaliyyətini davam etdirirsə, audit Aktında əksini tapan faktlardan sonra onun vəzifədə qalmasının hüquqi əsası nədir?
Təyinatla bağlı sənədlərə yenidən hüquqi qiymət verilibmi?
Təyinat prosesində iştirak edən vəzifəli şəxslərin fəaliyyəti araşdırılıbmı?
Əgər araşdırılıbsa, nəticəsi nə olub?
Əgər araşdırılmayıbsa, bunun səbəbi nədir?
Bu sualların cavabı yalnız bir şəxsin karyera məsələsi baxımından deyil, bütövlükdə dövlət ümumi təhsil müəssisələrində kadr siyasətinin etibarlılığı baxımından əhəmiyyət daşıyır.
Mənbə məsələsinə də aydınlıq gətirək
Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, məqalədə təqdim olunan bütün ilkin məlumatlar Olkemedia.az saytının dərc etdiyi materiallarda əksini tapan məlumatlardır. DuzXeber.az həmin məlumatları olduğu kimi təkrarlamaqla kifayətlənməyib, onların yaratdığı hüquqi və ictimai suallar əsasında məsələni ayrıca araşdırmağa çalışıb.
Məhz bu məqsədlə DuzXeber.az informasiya portalı tərəfindən Elm və Təhsil Nazirliyinə rəsmi sorğu ünvanlanıb və audit Aktında əksini tapan faktların mahiyyəti, M.Məmmədovun hazırkı statusu, təyinatların hüquqi əsasları və həmin pozuntularla bağlı hər hansı tədbirin görülüb-görülmədiyi barədə məlumat istənilib.
Təəssüf ki, sorğunun göndərilməsindən bir neçə həftə keçməsinə baxmayaraq, material hazırlanarkən Nazirlik tərəfindən DuzXeber.az-ın sorğusuna cavab verilməyib.
Bu səbəbdən hazırda bir sıra mühüm suallar açıq qalır.
Təhsil sistemində şəffaflıq və ədalətli kadr siyasəti yalnız normativ sənədlərdə yazılan prinsiplərlə deyil, həmin prinsiplərin real kadr təyinatlarında necə tətbiq olunması ilə ölçülür.
Əgər qaydalar bütün namizədlər üçün eynidirsə, bunun praktik təsdiqi də ictimaiyyətə açıqlanmalıdır.
DuzXeber.az qarşı tərəfin — Elm və Təhsil Nazirliyinin, eləcə də adı çəkilən şəxsin mövqeyini işıqlandırmağa hazırdır.

