Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib.
Bu barədə DuzXeber.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Bakı Metropoliteni QSC-nin "20 Yanvar" stansiyasına və "Şamaxinka" adlanan əraziyə getmədən metronun "Avtovağzal" stansiyasından ödənişsiz istifadə etmək mümkündür.
"Avtovağzal" metrostansiyasına girişin ödənişsiz olması nəzərə alınaraq, sərnişinlərin bu imkandan daha rahat yararlanması üçün həmin ərazidəki dayanacağa əlavə 16 marşrut yönləndirilib.
Ərazidə nəqliyyat intensivliyinin artacağı nəzərə alınaraq, avtobusların Bakı-Sumqayıt yoluna daha sürətli çıxışını təmin etmək məqsədilə yeni nəqliyyat həlli tətbiq olunub.
"Belə ki, əvvəllər metronun "Avtovağzal" stansiyasının qarşısından hərəkət edən avtobuslar müəyyən trayektoriya üzrə irəliləyərək Bakı-Sumqayıt yoluna çıxırdı. Bu isə avtobusların hərəkət məsafəsini əlavə 1,1 kilometr artırırdı. Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib. Nəticədə avtobusların hərəkət məsafəsi 1,1 kilometrdən təxminən 100 metrədək azaldılıb. Yeni həll avtobusların hərəkət sürətinin artırılmasına, vaxt itkisinin azalmasına və sərnişinlərin daha rahat daşınmasına imkan verir", - məlumatda qeyd olunub.


