ABŞ-İran müharibəsi fonunda Səudiyyə Ərəbistanının neft kəmərinin dayanması dünya neft bazarında yeni problem yaradıb. Xam neftin daşınması üçün supertankerlərə tələbat kəskin artıb və onların fraxt (daşıma) qiyməti tarixi maksimuma yüksəlib.

DuzXeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd edək ki, pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinin fəaliyyəti dayanıb. Nəticədə böyük həcmdə xam neftin yenidən Hörmüz boğazından keçirilməsi zərurəti yaranıb. Bu isə tanker donanmasının yükünü əhəmiyyətli dərəcədə artırıb.

Uzun marşrutlar və fasiləsiz daşımalar üçün tankerlərin bazardan daha uzun müddət çıxması iri tonnajlı VLCC (Very Large Crude Carrier - (Çox Böyük Xam Neft Daşıyıcısı)) tankerlərinin çatışmazlığına səbəb olub. Analitik “Windward” şirkətinin məlumatına görə, sentyabrın əvvəlində Fars körfəzindən yüklənərək Hörmüz boğazından keçən supertankerin fraxt qiyməti sutkada 1 milyon dolları ötüb.

Bu, hər barel üçün təxminən 26 dollar deməkdir. Halbuki əvvəllər logistika xərcləri neftin ümumi maya dəyərində nisbətən kiçik paya malik idi.

Tankerlərin çatışmazlığı yalnız Yaxın Şərqdə müşahidə olunmur. “Clarksons Research”in məlumatına görə, dünya üzrə bir VLCC tankerinin sutkalıq orta qazancı 651 107 dollara çatıb. Bu göstərici Səudiyyə Ərəbistanının “Şərq-Qərb” kəmərinin dayanmasından əvvəlki səviyyədən təxminən iki dəfə yüksəkdir.

İranın dəstəklədiyi husilərin davamlı hücumları səbəbindən Səudiyyə Ərəbistanı bayrağı altında üzən gəmilər də Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən Bab əl-Məndəb boğazından keçidi dayandırıb.

“Windward”ın məlumatına görə, ondan çox gəmi marşrutunu dəyişərək Afrikanın cənubundakı Ümid burnunu dolanır. Bu isə hər səfərin xərcini təxminən 1 milyon dollar artırır.

“Saudi Aramco” neft kəmərinin fəaliyyətini bərpa etməyə çalışır. Şirkət artıq Avropa və Asiyadakı müştərilərini sentyabr və oktyabr aylarında tədarükün gecikdirilə və ya ləğv edilə biləcəyi barədə xəbərdar edib. Asiyadakı müştərilərlə Oman sahillərində gəmidən-gəmiyə yükləmə yolu ilə neft tədarükü məsələsi də müzakirə olunur.

“Kpler”in məlumatına görə, kəmərə hücumdan sonra Ras-Tənura terminalından 24 milyon barel xam neft yükləyən təxminən 10 VLCC tankeri Hörmüz boğazından çıxıb.

Analitiklər hesab edirlər ki, əlçatan tankerlərin sayının azalması neft tədarükünü ləngidir. Eyni zamanda rekord daşınma tarifləri neft emalı zavodlarının gəlir marjasını azaldır.

Bu vəziyyət xam neftin dünya bazarındakı qiyməti aşağı düşsə belə, yanacaq qiymətlərinin yüksək qalmasına səbəb ola bilər. Xüsusilə ABŞ-da noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində benzin qiymətlərinə əlavə təzyiq yaranması ehtimalı müzakirə olunur.

Paylaş