Son dövrlərdə Tehranın quru qoşunlarını ölkənin sərhəd xətti boyunca kütləvi şəkildə yerləşdirməsi və hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirməsi barədə səsləndirdiyi rəsmi bəyanatlar bölgədə diqqəti dərhal cəlb edib. İran hərbi rəhbərliyinin yaydığı məlumatlarda ordunun müxtəlif strateji istiqamətlərdə, o cümlədən Pakistan və Əfqanıstan sərhədlərinə yaxın ərazilərdə, Oman körfəzində və Məkran sahillərində aktivləşdirildiyi açıq şəkildə etiraf olunur. İran Quru Qoşunlarının komandanı Əli Cahanşahinin açıqlamasına görə, hərbi qüvvələrin əsas hissəsi ölkənin şimal-qərb, qərb, cənub-qərb, şərq, şimal-şərq və cənub-şərq sərhəd xətlərində cəmləşdirilib.
Xüsusilə Məkran sahillərinə və sərhəd bölgələrinə xüsusi təyinatlı qüvvələrin, sürətli reaksiya dəstələrinin, mexanikləşdirilmiş birləşmələrin və ağır artilleriya bölmələrinin yerləşdirilməsi xüsusi vurğulanır. Azərbaycanın İran ilə sərhədinin məhz cənub hissəsində yerləşməsi və hərbi terminologiyada Azərbaycan sərhədinin əsasən şimal-qərb istiqaməti kimi qəbul edilməsi bu prosesin ölkəmizin təhlükəsizlik arxitekturasına təsirlərini qaçılmaz edir. 765 kilometrlik sərhəd xəttinə malik olduğumuz qonşu dövlətin bu addımları regionda artan geosiyasi gərginliklər fonunda müxtəlif suallar doğurur və ölkə ictimaiyyətində haqlı olaraq ciddi müzakirələrə səbəb olur.
Məsələ ilə bağlı DuzXeber.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, İranın sərhəd boyu qoşun yığması və hərbi aktivliyi artırması ilk növbədə bu ölkənin daxilində hökm sürən dərin siyasi-iqtisadi böhranın və xarici siyasətdəki uğursuzluqların diqqəti yayındırmaq cəhdidir: "İran hakimiyyəti getdikcə dərinləşən daxili narazılıqları, iqtisadi tənəzzülü və beynəlxalq təcridi ört-basdır etmək üçün mütəmadi olaraq sərhədlərdə hərbi əzələ nümayiş etdirməyə çalışır. Azərbaycanla sərhəddə, xüsusən də Naxçıvan istiqamətində baş verən bu cür hərəkətlilik ilk növbədə Tehranın regiondakı yeni reallıqları həzm edə bilməməsinin təzahürüdür. Lakin rəsmi Bakı qonşuluğunda baş verən bütün prosesləri peşəkarlıqla izləyir və istənilən ssenariyə adekvat reaksiya vermək gücünə malikdir. Azərbaycanın sərhədlərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub və heç bir kənar hərbi təzyiq ölkəmizin strateji maraqlarına təsir göstərə bilməz".
Politoloqun sözlərinə görə, İranın bu addımları eyni zamanda regionda sülh və sabitliyin bərqərar olmasına mane olmaq məqsədi daşıyır: "Cənubi Qafqazda Zəngəzur dəhlizinin açılması, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və regionda yeni kommunikasiya xətlərinin formalaşması İranın geosiyasi planlarına tamamilə ziddir. Məhz buna görə də Tehran hərbi təzyiq vasitəsilə proseslərə təsir göstərməyə çalışır, lakin bu siyasət tamamilə perspektvszdür. Azərbaycan öz müttəfiqləri, xüsusilə də Türkiyə ilə birlikdə bölgədə güc balansını qoruyur və istənilən təxribatın qarşısını dərhal almağa qadirdir. İranın sərhəd xəttində qoşun yerləşdirməsi sadəcə hərbi pafosdur və ölkəmiz üçün hər hansı real təhlükə mənbəyi ola bilməz".


