Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı 19 hərbçini axın aparıb, onlardan doqquzu həlak olub.

DuzXeber.az xəbər verir ki, bu barədə "Report" Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Hadisə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizi sahilində təlim-döyüş tapşırığı yerinə yetirilərkən baş verib.

Qurumdan qeyd ediblər ki, üç hərbçi xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib.

Digərlərinin axtarışı aparılır.

Xilasetmə xidmətlərinin qüvvə və vasitələri dərhal hadisə yerinə yönləndirilib. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələrinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər cəlb edilib.

"İlkin məlumata görə, 19 hərbçini axın aparıb. Hazırda 9 hərbçinin həlak olduğu müəyyən edilib. Hadisənin səbəblərini müəyyənləşdirmək və axtarış-xilasetmə işlərini əlaqələndirmək üçün müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin komissiyası təcili olaraq hadisə yerinə gedib", - Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Paylaş