Avropa İttifaqında yüksək enerji qiymətləri yenidən iqtisadi və sosial gündəmin əsas mövzularından birinə çevrilib. Aİ-nin energetika komissarı üzv dövlətləri yaranmış vəziyyətə qarşı əlavə tədbirləri, o cümlədən enerji tələbatının məhdudlaşdırılması imkanlarını nəzərdən keçirməyə çağırıb.

DuzXeber.az xəbər verir ki, Bolqarıstanın BTA agentliyi Avropa komissarının mövcud vəziyyəti “enerji qiymətləri böhranı” kimi xarakterizə etdiyini bildirir. Xəbərdarlıq Avropada yanacaq və enerji qiymətlərinin artmasının ev təsərrüfatları və sənaye müəssisələri üçün xərcləri yüksəltdiyi bir vaxtda səsləndirilib.

Avropa enerji bazarında qiymətlərin yüksəlməsi bir sıra ölkələri istehlakın azaldılması, sənaye üçün dəstək mexanizmləri, vergi və kompensasiya tədbirləri kimi variantları yenidən nəzərdən keçirməyə məcbur edir. Xüsusilə enerji tutumlu sənaye sahələri üçün elektrik və qaz xərclərinin artması rəqabət qabiliyyəti məsələsini aktuallaşdırır.

Avropa ölkələri, eyni zamanda, enerji təchizatının şaxələndirilməsi, bərpaolunan enerji güclərinin artırılması, qaz anbarlarının doldurulması və transsərhəd interkonnektorların genişləndirilməsi istiqamətində tədbirlər görürlər.

Paylaş