Qara dənizdə Rusiya-Ukrayna müharibəsinin təsirləri Ukrayna və Rusiya sahilləri ilə məhdudlaşmır. Oktyabr ayında Rumıniya və Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmilərinə edilən hücumlar Avropanın təhlükəsizliyi və NATO-nun kollektiv müdafiə öhdəlikləri ilə bağlı müzakirələri gücləndirib.
DuzXeber.az xəbər verir ki, “Carnegie Europe” təşkilatının baş elmi əməkdaşı Dimitar Beçevin təhlilinə görə, oktyabrın 14-də Komor adalarının bayrağı altında üzən “Yara J” tankeri Rumıniyanın Sulina limanı yaxınlığında PUA hücumuna məruz qalıb. Hadisənin Rumıniyanın ərazi sularında baş verməsi xüsusi diqqət çəkib.
Oktyabrın 23-də isə “Khoryv” yük gəmisi Konstansa limanından təxminən 13 dəniz mili aralıda hücumdan sonra batıb. Gəmidəki 13 nəfərdən doqquzu xilas edilib, bir nəfərin meyiti tapılıb, üç nəfər itkin düşüb. "Reuters"in oktyabrın 26-da yaydığı məlumata görə, ay ərzində hücumlardan zərər çəkən gəmilərin sayı ən azı səkkizə, ölən və itkin düşən dənizçilərin sayı isə 34-ə çatıb.
NATO-nun 5-ci maddəsi gündəmdə
Hücumlar NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin hansı hallarda tətbiq oluna biləcəyi məsələsini də gündəmə gətirib. Beçev Rusiyanın NATO-nun kollektiv müdafiə mexanizminin sərhədlərini sınaqdan keçirdiyini düşünür. Bununla belə, maddənin tətbiqi hadisənin konkret hallarından və müttəfiqlərin qərarından asılıdır.
Türkiyənin rolu
Qara dənizdə təhlükəsizlik məsələləri Türkiyənin strateji əhəmiyyətini artırır. 1936-cı il Montrö Konvensiyası Türkiyəyə boğazlardan hərbi gəmilərin keçidini tənzimləmək imkanı verir. Ankara 2022-ci il fevralın 28-də konvensiyanın müvafiq müddəalarını tətbiq edərək hərbi gəmilərin boğazlardan keçidini məhdudlaşdırıb.
Beynəlxalq münasibətlər üzrə ekspert Tomas de Vaalın iyulun 1-də dərc olunan təhlilində Türkiyənin regionda hərbi gərginliyi nəzarətdə saxlamağa və mülki dəniz nəqliyyatını qorumağa çalışdığı vurğulanıb.
Enerji daşımaları və regional əməkdaşlıq
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, Çanaqqala boğazından gündəlik orta hesabla daşınan xam neft və neft məhsullarının həcmi 2025-ci ilin ilk yarısında 3,7 milyon barel, 2026-cı ilin ikinci rübündə isə 4,1 milyon barel olub. Bölgədə gərginliyin artması enerji daşımaları üçün də risklər yaradır.
Professor Həsən Köni "Haber Global"a Türkiyə üçün üç əsas istiqaməti qeyd edib: Montrö rejiminin qorunması, Rumıniya və Bolqarıstanla hərbi əməkdaşlığın genişləndirilməsi və Ukraynanın ticarət gəmilərinin təhlükəsizliyi üçün diplomatik təşəbbüslər.
Ekspert Umur Tuğay Yücel isə Türkiyənin NATO müttəfiqləri ilə əməkdaşlıq etməklə yanaşı, Rusiya ilə birbaşa qarşıdurmadan yayınmağa çalışdığını bildirib. Onun fikrincə, münaqişənin Rumıniya və Bolqarıstan sahillərinə yayılması Türkiyə üçün əlavə təhlükəsizlik riskləri yarada bilər.//Akqabay


