Banklarda kredit faizlərində artım müşahidə olunur.
Duzxeber.az xəbər verir ki, bank sektorunda kredit faizlərinin yüksəlməsi müşahidə edilir. Ötən il bankların 11-17 faiz aralığında təqdim etdiyi kreditlər hazırda şərtlərdən asılı olaraq minimum 18 faizdən başlayır.
İqtisadçı Xalid Kərimli bu artımı Mərkəzi Bankın həyata keçirdiyi sərt pul-kredit siyasəti ilə əlaqələndirir.
Onun sözlərinə görə, banklar əhalidən daha çox vəsait cəlb etmək məqsədilə əmanətlər üzrə faizləri artırır:
“Nəticədə bankların maliyyə resurslarının dəyəri yüksəlir və bu da kredit faizlərinə birbaşa təsir göstərir” .
Mütəxəssis qeyd edib ki, Mərkəzi Bank inflyasiya risklərini hələ tam aradan qalxmış hesab etmədiyindən uçot dərəcəsinin endirilməsinə tələsmir. Bu səbəbdən yaxın dövrdə kredit faizlərində azalma gözlənilmir.


