Canlı yayım
7.08.2026

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

İki dövlət arasında sülh müqaviləsi imzalanmasa belə, çərçivə sazişi üzərində razılaşmalar əldə olunub və xarici işlər nazirləri tərəfindən paraflanıb.
Bu sözləri DuzXeber.az-a açıqlamasında politoloq Heydər Oğuz deyib.
Onun sözlərinə görə, sazişin imzalanması üçün Ermənistanın bəzi mühüm addımlar atılması qalıb:
“Bunlardan ən başlıcası Ermənistan Konstitusiyasındakı Azərbaycanın ərazi bütövlüyünə kölgə salan müddəaların çıxarılmasıdır. Rəsmi Bakı tərəfindən şərt kimi qarşıya qoyulan bu tələbin yerinə yetirilməsi üçün Ermənistanda referendum keçirilməsi lazımdır. Görünür, Rusiyaya bağlı elementlərin təxribatı ilə bu prosesin qarşısının alınması perspektivini nəzərə alan rəsmi İrəvan erməni xalqını buna hazırlamalı və bundan sonra son addımlarını atmalıdır. Prosesin çətinliyi nəzərə alan Azərbaycan tərəfi rəsmi İrəvanın işini asanlaşdırmaq üçün bəzi tədbirlər görür. Bu tədbirlərdən biri Ermənistanı Rusiyanın enerji və iqtisadi asılılığından qurtarmaqdır.
Bilirsiniz ki, demək olar ki, hər həftə Bakıdan İrəvana vaqonlarla neft məhsulları satılır, dəmir yolu ilə qida məhsulları tranzit olunur. Məqsəd təbii ki, bəllidir. Ermənistanın iqtisadiyyatını və enerji təhlükəsizliyini Rusiyanın təsir dairəsindən ayırmaq. Sirr deyil ki, Azərbaycan bu sahədə uğur əldə edə bilsə, Ermənistan iqtisadiyyatı üzərində dominant gücə çevriləcək. Bundan sonra İrəvan istəsə belə, Rusiyanın portpostuna çevrilə bilməyəcək. Nəticədə təkcə Ermənistan deyil, bütünlüklə Cənubi Qafqazın rus asılılığına son qoyulacaq”.
Politoloq bildirib ki, iki dövlət arasındakı münasibətlərin normallaşmasının digər istiqaməti bəzi beynəlxalq tədbirlərdə bir araya gəlməkdir:
“Bir müddət əvvəl Bakıda 17 yaşlı güləşçilər arasında dünya çempionatı keçirildi. Çempionatda iştirak edən erməni idmançıları arasında yer tutanlar da oldu və ölkələrinin bayrağı qaldırıldı. Bu, ilk baxışda idmanın tələbi kimi görünsə də, hadisənin dərin qatında sülhün qələbəsi yatırdı. Yəqin ki, bundan sonra İrəvanda da keçirilən bir çox idman yarışlarında Azərbaycan bayrağı göyə qaldırılacaq. Azərbaycanla Ermənistan gəncləri cəbhə xəttində deyil, idman yarışlarında bir-birinə qələbə qazanmağa çalışacaqlar. Qədim Roma dövründən bu günümüzə qədər idman bu cür yarışlarla sülhün rəhni olub və hazırda biz də onun bəxş etdiyi avantajlardan faydalanırmaq əzmindəyik.
Azərbaycan-Ermənistan yaxınlaşmasında mühüm amillərdən biri də Türkiyənin bu prosesə qoşulmasıdır. Məlumdur ki, bizimlə ermənilər arasında düşmənçiliyin tarixi əslində Anadolu torpaqlarında başlamışdır. Osmanlıları parçalamaq, türk dünyası arasındakı əlaqələri kəsmək üçün imperialist güclər 1915-ci ildə erməniləri qızışdıraraq qarşıdurma yaratmış, sonra isə onları qədim Azərbaycan torpaqları sayılan İrəvan xanlığının ərazisinə köçürərək qondarma dövlət meydana gətirmişdilər. Nəticədə Türk dünyası arasına sanki Ermənistan adlı “paz çalmış” və kommunikasiya əlaqələrini kəsmişlər. Bu vəziyyəti dəyişdirmək və problemi diplomatik yolla həll etmək üçün ermənilərlə Anadolu türkləri arasındakı ixtilaflar da aradan qaldırılmalı idi. Təsadüfi deyil ki, artıq bu istiqamətdə də bəzi addımlar atılır.
Türkiyə ilə Ermənistan arasında iqtisadi münasibətlət normallaşdırılır, İrəvanda türk düşməni hakimiyyətlər regional inteqrasiyaya meylli qüvvələrlə əvəz olunur. Son parlament seçkilərindən sonra Ermənistan parlamentinə Türkiyədə ali təhsil alan Ruben Rubinyanın gətirilməsi də bu tədbirlərdən biridir”.
Heydər Oğuzun fikrincə, bütün bu ümidverici addımlar məhz ötən il 8 avqustda Vaşinqtonda keçirilən Əliyev-Tramp-Paşinyan görüşünün nəticələridir.

Xəbər lenti