27.08.2026

100 min izləyiciyə aldanmayın – satış səhifələri ilə bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə satış səhifələrinin sayının artması ilə onlayn alış-veriş zamanı yaranan problemlərlə bağlı vətəndaş şikayətləri də çoxalıb.

DuzXeber.az xəbər verir ki, bu dəfə şikayətlər Instagram-da fəaliyyət göstərən və 100 minə yaxın izləyicisi olan satış səhifəsi ilə bağlıdır.

Bəzi vətəndaşlar iddia edirlər ki, səhifədən məhsul sifariş etdikdən sonra onlardan əvvəlcədən tam ödəniş tələb olunub. Buna səbəb kimi məhsulun az sayda qalması göstərilib. İddialara görə, ödəniş həyata keçirildikdən sonra isə müştərilər səhifə tərəfindən bloklanıb.

Şikayətçilər həmçinin bildirirlər ki, satış səhifəsinin təqdim etdiyi ünvanda mağaza mövcud deyil. Onlar iddialarını təsdiqləyən yazışmaların ekran görüntülərini də sosial şəbəkələrdə paylaşıblar.

Bəs sosial şəbəkələrdə qarşımıza çıxan satış səhifəsinin etibarlı, yoxsa saxta olduğunu necə müəyyən etmək olar?

Media və kibertəhlükəsizlik üzrə ekspert Vüsal Məmmədzadə bildirib ki, ilk növbədə səhifənin keçmişinə və fəaliyyətinə diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, izləyici sayının çox olması səhifənin etibarlı olduğunu göstərmir:

“Bir səhifənin 100-150 min izləyicisi ola bilər. Amma izləyici sayı burada həlledici faktor deyil. Müxtəlif platformalar vasitəsilə qanunsuz şəkildə də izləyici sayını artırmaq mümkündür. Səhifənin post keçmişinə baxmaq lazımdır. Gündə neçə paylaşım edilir, müştəri rəyləri nə qədərdir? 100-150 min izləyicisi olan səhifənin postlarına cəmi 1-2 rəy yazılırsa və həmin rəylər bir-birini təkrarlayırsa, bu, şübhəli məqam kimi qiymətləndirilməlidir”.

Vəkil Emil Aslanov isə qeyd edib ki, belə hallarda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılaraq səhifənin kim tərəfindən idarə olunduğu müəyyən edilə və şəxs məsuliyyətə cəlb oluna bilər.

Onun sözlərinə görə, aldadılaraq əldə edilmiş məbləğ 500 manata qədər olduqda, əmələ görə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə məsuliyyət məsələsi yarana bilər.

Məsələ ilə bağlı adıçəkilən satış səhifəsi ilə əlaqə saxlamağa çalışsaq da, qeyd olunan əlaqə nömrəsinin təyin olunmadığı məlum olub.

Mütəxəssislər vətəndaşlara onlayn alış-veriş zamanı əvvəlcədən ödəniş etməzdən əvvəl satıcının fəaliyyəti, real ünvanı, əlaqə vasitələri və müştəri rəyləri barədə ətraflı araşdırma aparmağı tövsiyə edirlər. (nocomment.az)

Xəbər lenti