29.08.2026

ŞOK XƏBƏRDARLIQ: "TikTok və Temu-dan uzaq durun!"

Elektron ticarətin inkişafı ilə bizneslərin sosial media platformalarında reklam strategiyası getdikcə daha böyük əhəmiyyət kəsb edir. Lakin düzgün hədəflənməyən və səmərəsiz reklam kampaniyaları sahibkarlar üçün əlavə xərc yaratmaqla yanaşı, gözlənilən nəticəni də verməyə bilər. Bəs elektron ticarətlə məşğul olanlar reklam strategiyası qurarkən nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı iqtisadçı Razi Abbasbəyli DuzXeber.az-a açıqlamasında elektron ticarətlə məşğul olanlara bir sıra mühüm tövsiyələr verib.

Ekspert bildirib ki, sahibkarlar TikTok-da ödənişli reklam yerləşdirərkən ehtiyatlı olmalıdırlar: "TikTok-da ödənişli reklam yayımlayanda vəd edilən baxış və ‘like’ göstəriciləri hər zaman əldə olunmur. Buna görə də sahibkarlar reklam büdcəsini bu platformada xərcləyərkən diqqətli davranmalıdırlar".

Razi Abbasbəyli elektron ticarətlə məşğul olan şəxslərə bizneslərini Facebook üzərindən də reklam etməyi tövsiyə edib. Onun sözlərinə görə, düzgün qurulan reklam kampaniyası potensial müştərilərə çatmaq baxımından əhəmiyyətli ola bilər.

İqtisadçı xüsusilə Instagram reklamlarında hədəf auditoriyanın düzgün seçilməsinin vacibliyini vurğulayıb: "Instagram-da reklam verən zaman diqqətli olun. Çalışın hədəf auditoriyanı düzgün seçəsiniz. Əks halda nəticə əldə etmək çətin olacaq. Amma Instagram daha effektiv platformadır".

Ekspert YouTube-da reklam yerləşdirmək istəyən sahibkarlara da yayım hədəflərini düzgün müəyyənləşdirməyi məsləhət görüb. O qeyd edib ki, reklamın məzmununa uyğun auditoriyanın seçilməsi nəticəyə birbaşa təsir edir. Razi Abbasbəyli həmçinin ironik nümunə ilə reklamların düzgün auditoriyaya çatdırılmasının əhəmiyyətini göstərib: "Tarixi bələdçilərdə sabun reklamı yayımlayın".

İqtisadçı sonda elektron ticarətlə məşğul olanlara daha sərt xəbərdarlıq edib: "Ən vacib məqam budur: TikTok və Temu-dan bacardığınız qədər uzaq olun. TikTok-da nə ödənişli reklam yayımlayın, nə də Temu-dan mal alın. Tam ‘kitayski’dir".

Beləliklə, ekspertin fikrincə, elektron ticarətlə məşğul olan sahibkarlar reklam platforması seçərkən yalnız auditoriyanın sayına deyil, reklamın hədəflənməsinə, platformanın effektivliyinə və sərf olunan vəsaitin geri dönüşünə də diqqət yetirməlidirlər.//Tunar

Xəbər lenti