Azərbaycanda qanunvericiliyin sərtləşdirilməsinə və təkrar qumar oyunlarında iştirak edənlər üçün 5 min manatadək cərimə, həmçinin 15 sutkayadək inzibati həbs tətbiq olunmasına baxmayaraq, bəhs olunan bəla cəmiyyətin müxtəlif təbəqələri arasında yayılmağa davam edir. İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər nəticəsində təkcə cərimələr artmayıb, eyni zamanda oyun avadanlıqları, qoyulan pullar, qazanılan uduşlar və bütün növ əmlakların müsadirə olunması mexanizmi işə salınıb.

Bütün bunlar fonunda cəmiyyətdə haqlı olaraq sual yaranır: görəsən, rəqəmsal əsrdə onlayn platformaların və smartfonların hər kəsin əlində əlçatan olduğu bir dövrdə bu bataqlığa ən çox batanlar kimlərdir və əsas risk qrupunda hansı təbəqə dayanır?

DuzXeber.az: Statistik göstəricilər və reallıqlar göstərir ki, qumar bazarı artıq müəyyən bir zümrənin əyləncəsi olmaqdan çıxıb, kütləvi xarakter alıb. Araşdırmalar sübut edir ki, oyunçuların əsas kütləsini məhz gənc və orta yaşlı nəsil təşkil edir. Xüsusilə 25–34 yaş qrupu bu seqmentdə mütləq liderdir, 35 yaşdan aşağı olan şəxslər isə ümumi oyunçu bazasının təxminən üçdə ikisini formalaşdırır. Bu isə o deməkdir ki, ölkənin aktiv əmək qabiliyyətli gəncliyi maddi resurslarını, enerjisini və gələcəyini məhz bu destruktiv vərdişə qurban verir. Əvvəlki dövrlərdə gizli kazinolar və ya müəyyən məkanlar tələb olunurdusa, bu gün cibdəki telefon və bank kartı hər kəsi potensial oyunçuya çevirib.

Məsələ ilə bağlı nocomment.az-a açıqlama verən sosioloq Elçin Cəfərov qeyd edib ki, cəmiyyətdə qumarın gənclər arasında sürətlə yayılması dərin sosial-psixoloji böhranın və sürətli qazanc əldə etmək xülyasının nəticəsidir:

"Bu gün qumar oynayan təbəqəni yalnız maddi durumu zəif olanlar və ya işsizlərlə məhdudlaşdırmaq səhv olar. Orta gəlirli təbəqə, tələbələr, hətta müəyyən maliyyə imkanları olan gənclər də bu şəbəkəyə daxil olurlar. Əsas səbəb sosiallaşma mühitinin zəifliyi, iqtisadi çətinliklər fonunda 'asan yolla pul qazanmaq' illüziyası və psixoloji asılılıqdır. Gənclər gələcəyə inamını itirdikcə, alternativsizlik hiss etdikcə özlərini bu virtual bataqlıqda tapırlar".

Onun sözlərinə görə, qanunvericiliyin sərtləşməsi vacib addımdır, lakin problemin kökünü yalnız cərimələrlə aradan qaldırmaq qeyri-mümkündür:

"Biz preventiv tədbirləri gücləndirməliyik. Məktəblərdən və universitetlərdən başlayaraq maarifləndirmə işləri aparılmalı, gənclərin asudə vaxtı düzgün təşkil edilməlidir. Əks təqdirdə, ən ağır cərimələr belə gizli mexanizmlərin işləməsinə mane ola bilməyəcək".

Məsələnin hüquqi tərəfini saytımıza şərh edən hüquqşünas Natiq Ələsgərovun sözlərinə görə, mövcud qanunvericilikdə tətbiq olunan yeniliklər hüquq-mühafizə orqanlarına bu sahədə nəzarəti xeyli gücləndirməyə imkan verir: "İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər qanunazidd qumar fəaliyyəti ilə məşğul olanlara qarşı tətbiq edilən sanksiyaların sərtliyini maksimum həddə çatdırıb. Xüsusilə bir il ərzində təkrar olaraq bu əmələ yol verənlərə 5 min manat cərimə ilə yanaşı, 15 sutkayadək inzibati həbs tədbirinin nəzərdə tutulması cəmiyyətdə caydırıcı effekt yaratmalıdır".

O, bildirib ki, tətbiq edilən məsuliyyət təkcə fiziki şəxslərlə məhdudlaşmır, həm də maddi sübutların məhv edilməsini və ya müsadirəsini qaçılmaz edir: "Qumar avadanlıqları, oyuna qoyulan bütün nağd və ya elektron pullar, həmçinin bu yolla əldə edilən hər hansı uduş və gəlirlər birbaşa dövlət xeyrinə müsadirə olunur. Bu o deməkdir ki, qanunsuz yolla qazanılan heç bir vəsait sahibində qalmayacaq. Hüquqi mexanizmlər sərtləşdirilib, lakin əsas məqsəd cəza vermək deyil, vətəndaşların, xüsusilə gənclərin bu cinayətkar və dağıdıcı mühitdən qorunmasıdır".//Tunar

Paylaş