Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb.
DuzXeber.az xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlara başlanılıb. Araşdırma zamanı H.K.-nin telefonundan alınan son siqnalın Çubuk su anbarı ərazisini göstərdiyi müəyyən edilib.
Əraziyə gedən polis əməkdaşları Çubuk 1 Su Anbarı viyadüyündə H.K.-yə məxsus avtomobili qapıları kilidli, kapotu isə açıq vəziyyətdə tapıblar.
Axtarışlara polis dalğıcları da cəlb olunub. Səhər saatlarında aparılan sualtı axtarış zamanı avtomobildən təxminən 350 metr aralıda kişi meyiti aşkarlanıb. Meyitin itkin düşən H.K.-yə aid olduğu müəyyənləşdirilib.
İlkin araşdırmada onun üzərində zorakılıq və ya qətl izlərinə rast gəlinmədiyi bildirilib. İntihar ehtimalı üzərində dayanan istintaq orqanları dəqiq ölüm səbəbini müəyyənləşdirmək üçün meyiti məhkəmə-tibbi ekspertizaya göndərib.
Hadisə ilə bağlı araşdırma davam edir.

Paylaş