Uzun illərdir qlobal əmək bazarının standartı hesab olunan səkkiz saatlıq ənənəvi iş rejiminin müasir dövrün tələblərinə nə dərəcədə cavab verməsi yenidən aktuallaşıb. Xüsusilə böyük şəhərlərdə və meqapolislərdə durmadan artan nəqliyyat sıxlığı, eləcə də gündəlik tıxaclar fonunda bu ənənəvi modelin həm işçilərin səhhətinə, həm də onların məhsuldarlığına təsiri müzakirə mövzusudur. İnsanların hər gün yollarda saatlarla vaxt itirməsi təkcə fiziki yorğunluq yaratmır, eyni zamanda onların ailələrinə, şəxsi inkişaflarına və asudə vaxtlarına ayırmalı olduqları zamanı kəskin şəkildə azaldır. Bu reallıqlar fonunda Azərbaycanda da iş saatlarının azaldılması, iş qrafiklərinin daha çevik təşkil edilməsi və beynəlxalq təcrübəyə uyğun modellərin tətbiqi məsələsi diqqət mərkəzindədir.
Məsələ ilə bağlı DuzXeber.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, müasir dövrdə əmək münasibətləri tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub və artıq inkişaf etmiş ölkələrdə sərt iş saatları anlayışı tədricən aradan qalxır: "Bu gün qlobal əmək bazarında əsas diqqət işçinin ofisdə keçirdiyi zamana deyil, ortaya qoyduğu nəticəyə, yəni məhsuldarlığa yönəldilib. Bu baxımdan, inkişaf etmiş dövlətlərdə iş rejimi artıq hibridləşdirilir və çevik idarəetmə üsullarından geniş istifadə olunur. Bu yanaşma əməkdaşların həftənin bəzi günlərini ofisdən, digər günlərini isə birbaşa evdən və ya hər hansı alternativ məkandan işləməsini nəzərdə tutur. Nəticədə həm işçinin yollarda itirdiyi zaman və enerji minimuma enir, həm də şəhərin nəqliyyat infrastrukturu üzərinə düşən yük əhəmiyyətli dərəcədə yüngülləşir".
Ekspert vurğulayıb ki, Azərbaycanda da bu sistemə keçid üçün hüquqi baza artıq mövcuddur. Hazırda qüvvədə olan qanunvericilikdə, xüsusən də Əmək Məcəlləsində məsafədən işin tətbiqi ilə bağlı müvafiq müddəalar öz əksini tapıb. Bu hüquqi çərçivə ölkəmizdə də hibrid iş rejiminin və fərqli iş qrafiklərinin geniş şəkildə reallaşmasına imkan yaradır. Əli Cabbarovun sözlərinə görə, gələcəkdə həm dövlət, həm də özəl sektorun bu modelə daha çox önəm verməsi vətəndaşların müəyyən qisminin tamamilə və ya qismən evdən işləməsinə şərait yaradacaq ki, bu da ümumi rifahı yüksəldən amillərdəndir.
İqtisadçı onu da qeyd edib ki, çevik və hibrid iş formaları sadəcə rahatlıq deyil, eyni zamanda ciddi iqtisadi üstünlüklər vəd edir: "Bu model həm əmək bazarında rəqabət qabiliyyətini artırır, həm də ixtisaslı kadrların daha çox gəlir əldə etməsinə imkan yaradır. Çünki ofisə bağlanmayan, vaxtını özü idarə edən peşəkar mütəxəssis eyni anda bir neçə iş yeri və ya fərqli layihələrlə əməkdaşlıq etmək potensialına malik olur. Bu, həm şirkətlər üçün kadr proseslərinin optimallaşdırılması, həm də vətəndaşın maliyyə imkanlarının genişlənməsi deməkdir. O baxımdan, artıq təkcə iş saatlarının kəmiyyətinin deyil, iş formasının keyfiyyətinin dəyişdirilməsi dövrün tələbidir. Azərbaycan da qlobal çağırışlara adekvat olaraq mərhələli şəkildə bu müasir praktikalara doğru irəliləyir".//Tunar


