Ermənistan mediasında Tavuş bölgəsinin Berdavan (tarixi adı Qalaça) kəndi yaxınlığında 4–5 erməni döyüş mövqeyinin Azərbaycanın nəzarətinə keçdiyi barədə məlumat yayılıb.
DuzXeber.az xəbər verir ki, sentyabrın 26-da Ermənistanın “Oragir.News” nəşri öz mənbələrinə istinadən sərhədin delimitasiyası nəticəsində Berdavan (tarixi adı Qalaça) yaxınlığındakı 4–5 erməni döyüş mövqeyinin Azərbaycanın nəzarətinə keçdiyini bildirib. Lakin Ermənistan tərəfdən həm yerli rəsmilər, həm də Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.
Nəşrin məlumatında həmçinin yeni sərhəd xəttinin Qalincakar qalasının yaxınlığında yerləşən tarixi və dini məkanlara qədər çatdığı irəli sürülüb.
Maraqlıdır ki, “Oragir.News”un öz materialında Berdavanın inzibati rəhbəri Aram Zurabyan bu məlumatı təsdiqləməyib. O, jurnalistlərə verilən məlumatın yanlış olduğunu bildirib və Qalincakar qalası ilə yaxınlıqdakı dini məkanların sakinlər üçün əlçatan qaldığını deyib.
Məsələni ayrıca araşdıran “Ampop Media” Noyemberyan icmasının rəhbəri Arsen Ağababyanla əlaqə saxlayıb. Ağababyan bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil və onların icmasının ərazisində delimitasiya aparılmayıb.
“Bu, dezinformasiyadır, belə bir şey yoxdur, bizim icmada delimitasiya aparılmayıb”, – deyə Ağababyan bildirib.
Məlumatla bağlı daha bir təkzib Ermənistan Müdafiə Nazirliyindən gəlib. “Aurora News”un sorğusuna cavab verən nazirliyin sözçüsü Berdavan yaxınlığındakı 4–5 döyüş mövqeyinin Azərbaycanın nəzarətinə keçməsi barədə məlumatı “növbəti uydurma” adlandırıb.
Berdavanın inzibati rəhbəri Zurabyan həmçinin Qalincakar qalası və yaxınlıqdakı Surb Nşan kilsəsinin ərazisinin Ermənistan vətəndaşları üçün açıq qalacağını bildirib. Onun sözlərinə görə, Berdavandan həmin əraziyə yürüş-ziyarətin keçirilməsi də nəzərdə tutulur.\\musavat.com


