Çinin Çuntsin şəhərində yerləşən "Hongyancun" metro stansiyası yerin 116 metr dərinliyində yerləşir. Bu, təxminən 40 mərtəbəli binanın hündürlüyünə bərabərdir.
Burada sərnişinlərin platformaya çatması üçün bir neçə eskalatordan istifadə etməsi tələb olunur və bütün yol təxminən 10 dəqiqə çəkir. Bunun əsas səbəbi Çuntsinin coğrafi mövqeyidir. Şəhər dağlıq ərazidə yerləşir və burada yüksəklik fərqləri olduqca böyükdür. Metro xətlərinin tikintisi zamanı mühəndislər tunelləri yalnız yerin altında deyil, həm də təpələrin və qayalıqların içindən keçirməli olurlar. Sıx şəhər tikintisi də layihələri daha mürəkkəb edir.
Bu səbəbdən Çuntsində dərin metro stansiyalarının tikilməsi sadəcə memarlıq seçimi deyil, coğrafi şəraitdən irəli gələn zərurətdir. Maraqlıdır ki, Çuntsində təkcə dünyanın ən dərin stansiyalarından biri deyil, həm də yer səviyyəsindən xeyli yüksəkdə yerləşən metro stansiyası var. "Hualongqiao" stansiyasının yer səviyyəsindən təxminən 48 metr yüksəklikdə yerləşdiyi bildirilir.


