24.08.2026

İRANDAN ŞOK HƏDƏ: NATO bazaları vurulacaq? – Odla Oyun!

Yaxın Şərqdə və qonşu regionlarda gərginlik pik həddə çatıb və Tehranın hərbi ritorikası artıq təkcə yaxın ətrafı deyil, birbaşa Avropanı və NATO məkanını hədəf alan müstəviyə keçib. Qərbin nüfuzlu nəşrlərinin yaydığı məlumatlara görə, İran ABŞ-la yarana biləcək yeni və daha miqyaslı qarşıdurma fonunda Avropadakı bəzi strateji hərbi obyektlərə zərbə endirmək imkanlarını ciddi şəkildə nəzərdən keçirir. Xüsusilə Bolqarıstan və Kiprdə yerləşən hərbi bazaların İranın mümkün hədəf siyahısında olması beynəlxalq aləmdə ciddi təşviş yaradıb.

Məlum olduğu kimi, Bolqarıstan iyul ayında ABŞ hərbi təyyarələrinə yanacaq doldurmaq üçün öz hava məkanından və bazasından istifadə etməyə rəsmi icazə verib, Kiprdə isə Böyük Britaniyaya məxsus mühüm hərbi hava bazaları yerləşir. "Financial Times" qəzetinin yazdığına görə, Tehran bu ölkələrin Vaşinqtonun hərbi əməliyyatlarına dəstək verməsini özünə birbaşa təhdid kimi qiymətləndirir. Eyni zamanda, "The New York Times" nəşri bildirib ki, İran Xəzər dənizində öz gəmisinə endirilən zərbəyə cavab olaraq hətta Ukraynadakı limanlardan birini hədəfə almaq variantını belə masaüstünə gətirib, lakin sonradan müəyyən səbəblərdən bu plandan imtina edib. Bütün bu hadisələr fonunda haqlı olaraq sual yaranır: Tehran doğrudanmı Alyans üzvlərinə qarşı real hərbi addım atmaq gücündədir, yoxsa səslənən bu hədələr növbəti dəfə daxili auditoriyaya hesablanmış pafos və blefdən başqa bir şey deyil?

Məsələ ilə bağlı DuzXeber.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, İranın NATO ölkələrinə birbaşa hərbi zərbə endirmək ehtiyacı və ya cəsarəti real geosiyasi reallıqlarla qətiyyən uzlaşmır:
"Tehranın bu cür sərt və təhdidkar bəyanatlar səsləndirməsi əslində onun real gücünü göstərməkdən çox, içəridə yaranan dərin siyasi və hərbi dalanı ört-basdır etmək cəhdidir. İran çox gözəl başa düşür ki, Şimali Atlantika Alyansının hər hansı bir üzvünə, məsələn, Kipr və ya Bolqarıstandakı hərbi obyektlərə birbaşa hücum etmək birbaşa NATO-nun məşhur 5-ci maddəsinin işə düşməsi deməkdir. Bu isə Tehran rejimi üçün total məhv olmaq, ölkənin bütün kritik infrastrukturunun bircə gecəyə havaya sovurulması deməkdir. Buna görə də səslənən hədələr daha çox psixoloji təzyiq vasitəsidir."
Onun sözlərinə görə, İran rəhbərliyi daxildəki iqtisadi böhranı, hərbi uğursuzluqları və rejimin legitimlik böhranını kompensasiya etmək üçün mütəmadi olaraq xarici düşmən obrazı yaradır və sərt ritorikaya əl atır:
"Əgər İran doğrudan da hərbi gücünə güvənsəydi, Xəzər dənizində və ya digər regionlarda baş verən hadisələrə qarşı bəyanat səviyyəsində qalmaz, dərhal cavab verərdi. Ukrayna limanlarının hədəfə alınması və ya Avropadakı bazaların vurulması ilə bağlı müzakirələr sadəcə olaraq Qərbin diqqətini yayındırmağa və manevr imkanları qazanmağa hesablanıb. Lakin bu cür odla oynamaq Tehran üçün çox baha başa gələ bilər. Çünki Qərb və xüsusilə də ABŞ bu cür blefləri ciddiyə almır, əksinə, bölgədəki hərbi mövcudluğunu və nəzarətini daha da gücləndirmək üçün əlavə bəhanə əldə edir. Reallıq odur ki, İranın NATO ilə birbaşa hərbi münaqişəyə girmək potensialı yoxdur və bu cür addımlar rejimin öz sonunu sürətləndirə bilər."

Xəbər lenti