DuzXeber.az: Sabunçu rayonunda yerləşən 170 saylı məktəbin müəllimi Pərnisə Yaqubova yeni tədris ilinin başlanğıcında dərs bölgüsündən kənarda saxlanılıb.Bu barədə Hafta.az-a müraciət edən müəllim bildirib ki, 30 illik pedaqoji fəaliyyətində, sertifikatlaşdırmadan keçməsində və yüksək nəticə göstərməsinə rəğmən, yeni tədris ili ərəfəsində onun dərs yükü ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb.
Pərnisə Yaqubova deyir ki, məsələ yalnız dərs saatlarının sayından ibarət deyil, söhbət 30 illik pedaqoji əməyinə, müəllimlik nüfuzuna və peşəkarlığına verilən qiymətdən gedir.
“30 ildir bu məktəbdə çalışıram. Müəllimlik fəaliyyətimi bütün məsuliyyətimlə yerinə yetirmişəm. Sertifikatlaşdırmadan keçmişəm, yaxşı nəticə göstərmişəm. Mən illərimi bu məktəbə, şagirdlərə həsr etmişəm. İndi isə mənə deyilir ki, yalnız inklüziv təhsilə ehtiyacı olan şagird olsa, səni çağırarıq. Bu münasibətin səbəbini bilmək istəyirəm”, - müəllimə bildirir.
Həyat yoldaşı I Qarabağ müharibəsi veteranı, oğlanlarında biri Aprel, digəri isə 44 günlük Vətən müharibəsi iştirakçısı olan P. Yaqubova məktəbdə fəaliyyətini davam etdirmək, öz ixtisası və peşəkar göstəriciləri nəzərə alınmaqla dərs yükü ilə təmin olunmaq istəyir.
170 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Aslanova müəllimənin iddialarına konkret, hüquqi əsaslarla cavab vermək əvəzinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməli olduğumuzu bildirdi.
Qeyd edək ki, P.Yaqubova üzləşdiyi vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara da müraciət edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sözçüsü Bəşarət Məmmədov isə Hafta.az-ın sorğusun cavab olaraq, məsələnin araşdırılmasına ehtiyac olduğunu söylədi.(mediatvaz.com)

Paylaş