Azərbaycan məktəbi şagirdə düşünmək, oxuduğunu anlamaq, elmi məlumatı təhlil etmək və biliyini real problemlərin həllinə tətbiq etmək bacarığı verə bilirmi?PISA məhz bunları ölçür. OECD-nin metodologiyasına görə, PISA şagirdin yalnız nə bildiyini deyil, bildiklərini real həyat problemlərində necə tətbiq etdiyini qiymətləndirir. PISA-2025-də əsas istiqamət təbiət elmləri olub, həm də ilk dəfə olaraq “Rəqəmsal dünyada öyrənmə” qiymətləndirilib. Bu baxımdan, PISA-2025 nəticələri Azərbaycan təhsil sistemi üçün sadəcə reytinq deyil, diaqnostik hesabat kimi qəbul edilməlidir.
DuzXeber.az xəbər verir ki, bu fikirlərlə dosent İlham Əhmədov çıxış edib. O bildirib ki,
əsas problem oxu savadlılığıdır:
“Elm və təhsil naziri Emin Əmrullayev PISA-2025 nəticələrinin təqdimatında Azərbaycanın “ən ağrılı yerinin” oxu olduğunu bildirib və şagirdin oxuduğunu anlamamasını ciddi problem kimi qiymətləndirib. O, eyni zamanda təbiət elmlərinin həm məzmununa, həm də tədrisinə yanaşmanın əsaslı şəkildə dəyişdirilməli olduğunu vurğulayıb. Bu etiraf əslində problemin mahiyyətini göstərir.
PİSA 2025 ilə əlaqədar danışarkən nazir təhsildəki problemlərdən də xeyli danışdı. Ümumiyyətlə ETN-nin belə bir iş metodu var: problemlərdən elə danışırlar ki, guya bu problemlərin onlara dəxli yoxdur, sadaladıqları problemlərin də həll edildiyini heç görmədik.
Mətbuatda qaldırılan problemləri də həll etməyə cəhd etmirlər, ictimai rəyə və ictimai nəzarətə əhəmiyyərt verilmir. Problemlər haqqında menecerlərin danışığını eşidəndə dinləyicidə belə fikir yaranır ki, kimdən kimə şikayət edilir? Bəs bu problemləri kim həll edəcək?
Məsələn, PİSA 2025 təqdimatında nazir deyir ki: “Regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. Bu regionlarda əsaslı şəkildə işləmək lazımdır.
Sertifikatlaşdırma imtahanlarında da bu məsələ ilə bağlı müəyyən nəticələri görmüşük. Həmin bölgələrdə müəllimlərlə böyük mənada iş aparmaq lazımdır”. 6 il nazir postunda olan şəxsin belə iradlar bildirməsi təəccüblüdür. Bu problemləri həll etmək lazımdır, problemlər haqqında illərlə qeyri müəyyən danışmaq yox.
Oxu savadlılığı yalnız Azərbaycan dili fənninin problemi deyil. Şagird mətni anlamırsa, riyazi məsələnin şərtini də düzgün interpretasiya edə bilməz, biologiyada elmi məlumatı təhlil edə bilməz, fizika məsələsində verilənləri əlaqələndirə bilməz. Yəni, zəif oxu → zəif təhlil → zəif tətbiq → aşağı fənn nəticələri. Bu səbəbdən oxu savadlılığının inkişafı ayrıca layihə deyil, bütün məktəb sisteminin prioriteti olmalıdır”.
İlham Əhmədov bildirib ki, Azərbaycanın əvvəlki PISA nəticələri də diqqətlə şərh edilməlidir:
“OECD məlumatlarına görə, Bakı 2018 və 2022-ci illərdə PISA-da iştirak edib; 2022-ci ildə Bakı üzrə nəticələr riyaziyyat, oxu və təbiət elmlərinin hər üçündə 2018-ci illə müqayisədə aşağı düşüb. 2022-ci ildə Bakı üzrə orta nəticələr riyaziyyatda 397, oxuda 365, təbiət elmlərində 380 bal olub.
PISA-2025 Azərbaycan üçün daha geniş milli ölçmə mərhələsidir. Nazirliyin təqdim etdiyi məlumata görə, tədqiqat 241 məktəbdən 7432 şagirdi əhatə edib. Ona görə əvvəlki illərdə Bakı nəticəsini bütün Azərbaycan təhsil sisteminin göstəricisi kimi təqdim etmək metodoloji baxımdan səhvdir. Eyni zamanda əvvəlki nəticələrin “saxtalaşdırıldığı” barədə iddialar KİV-lərdə geniş yayılmışdı. Əsas məsələ budur ki, təhsil statistikası cəmiyyət üçün maksimum şəffaf və müstəqil yoxlanıla bilən olmalıdır.
Təbiət elmlərində problem məzmundan daha böyükdür
Nazirin təbiət elmlərinin məzmunu və tədrisinə yenidən baxılması barədə fikri əsaslıdır. Lakin yalnız kurikulumu dəyişməklə nəticənin avtomatik yüksələcəyini düşünmək olmaz.
Problem həm də tədris fəlsəfəsindədir. Əgər fizika, kimya və biologiya əsasən məlumat → əzbərləmə → test modeli ilə öyrədilirsə, PISA tipli nəticə gözləmək çətindir.
Müasir model isə problem → müşahidə → hipotez → eksperiment → məlumat → analiz → nəticə olmalıdır. Şagird elmi faktı yadda saxlamaqla yanaşı, “bu nəticəni hansı sübut təsdiqləyir?”, “məlumatdan hansı nəticəni çıxarmaq olar?”, “bu bilik real problemin həllində necə istifadə olunur?” suallarına cavab verməlidir.
PISA-nın göstərdiyi əsas sistem problemi
Azərbaycan təhsilində uzun müddət fəaliyyət göstəriciləri nəticə göstəricilərindən üstün tutulub: neçə müəllim təlim keçdi; neçə məktəb təmir edildi; neçə elektron resurs yaradıldı; neçə proqram həyata keçirildi. Bunlar vacibdir, lakin son nəticəni göstərmir.
Əsas suallar şagirdin oxu savadlılığı artıbmı? riyazi düşünmə inkişaf edibmi? elmi problemləri həll etmək bacarığı yüksəlibmi? zəif nəticə göstərən şagirdlərin sayı azalıbmı? regionlarla Bakı arasındakı fərq azalırmı? Kimi olmalıdır. PISA-nın əsl dəyəri məhz bu sualları gündəmə gətirməsidir.
Müəllimi günahlandırmaq kifayət deyil
Aşağı nəticələri yalnız müəllimin peşəkarlığı ilə izah etmək səhvdir. Şagird nəticəsi müəllim + kurikulum + dərslik + qiymətləndirmə + məktəb idarəetməsi + ailə + sosial mühit + təhsil siyasətinin birgə nəticəsidir.
Təəssüf ki, ETN artıq adət edib. Öz zəif işini pərdələmək üçün bütün problemlərin səbəbkarı kimi müəllimləri göstərir.
Bu çox səhv və təhlükəli tendensiyadır. Əgər müəllimdən və ya valideyindən soruşulsa ki, təhsildəki problemlərin mənbəyi hardadır, əksəriyyət tərəddüd etmədən deyəcək: ETN.
ETN-nin belə fikri onların səbəb-nəticə əlaqələrinin düzgün təhlil edilməməsi, zəif elmi yanaşmalarının nəticəsidir. Çünki pis müəllim yoxdur, pis təhsil sistemi və səriştəsiz menecerlər var”.
Dosent bildirib ki, əgər müəllimdən tənqidi düşünən şagird yetişdirmək tələb olunursa, amma müəllimin özü əzbərçiliyə əsaslanan təhsil sistemində hazırlanıbsa, problemin səbəbi fərdi müəllimdən daha genişdir:
Bu zaman müəllim hazırlığı ilə yanaşı, qiymətləndirmə sistemi də dəyişməlidir.
Azərbaycana nə lazımdır?
PISA-2025-dən sonra əsas məqsəd növbəti PISA-da bir neçə pillə yüksəlmək olmamalıdır. Azərbaycanın “PISA-dan PISA-ya” deyil, “PISA-dan gündəlik tədrisə” keçməsi lazımdır. Bunun üçün beş istiqamət prioritet olmalıdır:
1. Milli oxu savadlılığı proqramı. Oxuduğunu anlama bütün fənlərin əsas kompetensiyasına çevrilməlidir.
2. Təbiət elmlərində tədqiqat əsaslı tədris. Laboratoriya, eksperiment, layihə və real problemlər dərsin mərkəzinə keçirilməlidir.
3. PISA-tipli milli qiymətləndirmə. Əzbərlənmiş biliyin deyil, tətbiq, analiz və problem həllinin ölçülməsi genişləndirilməlidir.
4. Müəllim hazırlığının dəyişdirilməsi. Müəllimə yalnız fənn biliyi deyil, tədqiqat əsaslı, layihə əsaslı və rəqəmsal pedaqogika bacarıqları verilməlidir.
5. Nəticəyönümlü təhsil idarəetməsi. İslahatların sayı deyil, onların şagird nəticəsinə təsiri əsas göstərici olmalıdır.
Süni intellekt dövründə məsələ daha ciddidir
PISA-2025-də “Rəqəmsal dünyada öyrənmə”nin ayrıca qiymətləndirilməsi təsadüfi deyil. OECD artıq şagirdin rəqəmsal vasitələrdən istifadə edərək bilik qurması və problem həll etməsini də qiymətləndirir.
Süni intellekt dövründə məktəbin funksiyası daha çox məlumat vermək deyil. Məktəb məlumatı yoxlamağı, müqayisə etməyi, sübutu qiymətləndirməyi və müstəqil nəticə çıxarmağı öyrətməlidir. Əks halda Sİ şagirdin intellektual inkişafını sürətləndirmək əvəzinə hazır cavaba asılılığı artıra bilər.
PISA-2025-in Azərbaycan üçün əsas mesajı “neçənci yerdəyik?” deyil. Əsas mesaj, Azərbaycan məktəbinin problemi təkcə bilik səviyyəsi deyil, biliyi anlama, tətbiq etmə və yeni vəziyyətə transfer etmə qabiliyyətidir.
Nazirin oxu savadlılığını “ən ağrılı yer” kimi göstərməsi və təbiət elmlərinin tədrisinə yenidən baxılmasının zəruriliyini vurğulaması problemin doğru istiqamətdə müəyyənləşdirilməsidir. Lakin diaqnoz yalnız başlanğıcdır. İndi əsas məsələ kurikulum, müəllim hazırlığı, qiymətləndirmə və məktəb idarəetməsinin eyni məqsədə, yəni düşünən, anlayan, araşdıran və problem həll edən şagird yetişdirməyə yönəldilməsidir.
Azərbaycanın məqsədi PISA reytinqində yüksəlmək yox, PISA-nın ölçdüyü bacarıqlara malik nəsil yetişdirmək olmalıdır. Əgər bu dəyişiklik baş verərsə, yüksək PISA nəticəsi məqsəd deyil, həmin dəyişikliklərin təbii nəticəsi olacaq.
“PİSA 2025” nəticələri “DİM 2026 Hesabatı” (məktəb məzunlarının 40 %-lik mənimsəməsi) təhsilimizin ağır durumda olmasını bir daha göstərdi. Təəssüf ki, ETN bundan nə lazımi nəticələr çıxardır, nə də real inkişaf haqqında düşünür. İnsan kapitalının yaradılması siyasəti də ETN sistemli səhvləri səbəbi ilə iflas olur”.//Gülşən Rəsul

Paylaş