Rəsmi Tehranın beynəlxalq müstəvidə səsləndirdiyi həddələyici bəyanatlar və hərbi güc nümayiş etdirmək cəhdləri yenidən qlobal medianın və analitiklərin diqqət mərkəzindədir. İran Silahlı Qüvvələrinin və xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri tərəfindən ölkənin təhlükəsizliyinin qorunması bəhanəsi ilə yeni və dağıdıcı silahların hazırlanması istiqamətində işlərin fasiləsiz davam etdirildiyi açıq şəkildə bəyan olunur. SEPAH nümayəndəsi Hüseyn Mohebinin "SEPAH-ın ABŞ xalqına müraciəti" mövzusunda keçirilən səs-küylü mətbuat konfransında səsləndirdiyi fikirlər bölgədəki onsuz da gərgin olan vəziyyəti daha da alovlandırıb. O, xalqı və ölkəni müdafiə etmək adı altında daim yeni silah və texnikanın istehsalı ilə məşğul olduqlarını, hərbi qüvvələrin döyüş hazırlığını durmadan artırdıqlarını vurğulayıb. Xüsusilə ABŞ-nin 2015-ci ildə tarixi nüvə sazişindən – Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) birtərəfli qaydada çıxmasını xatırladan SEPAH rəsmisi bildirib ki, İran öz təhlükəsizliyini təmin etmək üçün istənilən addımı atmağa borcludur. Lakin bütün bu sərt ritorika fonunda beynəlxalq ekspertləri və ictimaiyyəti düşündürən əsas sual odur ki, İranın bəhs etdiyi bu "qorxunc silahlar" həqiqətən də ordunun malik olduğu real strateji üstünlükdür, yoxsa daxili auditoriyaya hesablanmış növbəti təbliğat və psixoloji savaş elementidir?
Məsələ ilə bağlı DuzXeber.az-a danışan politoloq Oqtay İbrahimoğlu qeyd edib ki, İranın hərbi rəsmilərinin bu cür gurultulu bəyanatları və yeni silahlar haqqında mütəmadi olaraq pafosla çıxış etməsi ilk növbədə ölkə daxilindəki dərin sosial-iqtisadi böhrandan və beynəlxalq tecritdən diqqəti yayındırmaq məqsədi daşıyan klassik təbliğat üsuludur:
"İran hər zaman öz hərbi imkanlarını qabartmağa, mövcud olandan daha güclü görünməyə və Qərbə qarşı psixoloji təzyiq rıçaqları yaratmağa çalışıb. SEPAH nümayəndələrinin 'yeni qorxunc silahlar' hazırladıqlarını deməsi ilk baxışdan hərbi güc nümayişi kimi təqdim olunsa da, əslində bu, daha çox blefə və informasiya müharibəsinə bənzəyir. Əlbəttə ki, İran müəyyən növ ballistik raketlər, dronlar və yüngül hərbi texnika istehsal etmək qabiliyyətinə malikdir, lakin ölkənin uzun illərdir tətbiq olunan sərt sanksiyalar altında qabaqcıl texnoloji silahlar yaratması və onları kütləvi şəkildə tətbiq etməsi ciddi suallar doğurur".
Ekspertin sözlərinə görə, ABŞ-nin nüvə sazişindən çıxmasından sonra Tehranın bu cür aqressiv bəyanatlarla çıxış etməsi onun çıxılmaz vəziyyətdə olduğunun açıq sübutudur: "İran rəhbərliyi yaxşı başa düşür ki, hərbi qarşıdurma baş verəcəyi təqdirdə onların mövcud texnoloji infrastrukturu müasir qüvvələr qarşısında uzun müddət dözə bilməz. Məhz buna görə də hərbi təhdidlər daha çox daxili auditoriyanı 'xarici düşmən' obrazı ətrafında birləşdirmək və rejimin ömrünü uzatmaq üçün istifadə olunan siyasi alətdir. Azərbaycan üçün isə qonşuluqda baş verən bu cür qeyri-sabit ritorika və hərbi pafos diqqətlə izlənilir, çünki rəsmi Bakı hər zaman sərhədlərinin təhlükəsizliyini əsas prioritet hesab edir və istənilən təxribat xarakterli addımlara qarşı adekvat strateji hazırlığa malikdir".//Tunar


