Bakının artan yükünün azaldılması ilə bağlı illərdir səsləndirilən təkliflər yenidən gündəmə gəlib. Paytaxtda sıxlığın aradan qaldırılması üçün bəzi universitetlərin, dövlət qurumlarının və iri idarələrin bölgələrə köçürülməsi təklif edilir. Alternativ olaraq Şamaxı, Ağdam, Xankəndi, Göyçay kimi ərazilərin adı çəkilir.

Bəs bu təklifin reallaşdırılması nə dərəcədə mümkündür? Hansı qurumların və universitetlərin paytaxtdan köçürülməsi daha məqsədəuyğun ola bilər?

Publika. az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, hansısa qurum və universitetlərin Bakıdan köçürülməsinə ehtiyac yoxdur.

O qeyd edib ki, hazırda dövlət qurumlarında iş saatları diferensiallaşıb:

“Belə ki, üç iş rejimi seçilib: saat 8, 9 və 9:30. Bu, düzgün addımdır. Metroda təmirlə əlaqədar olaraq bəlkə də ciddi hiss olunmur, amma sıxlığın azalmasına təsirləri var.

Universitetlərdə də dərslərin müxtəlif saatlarda başlaması tətbiq oluna bilər. Bu yaxınlarda Formula 1 yarışında dərslərin onlayn keçirilməsi nəticəsində sıxlığın azaldığını hiss etdik. Düşünürəm ki, bəzi təhsil ocaqlarında dərslərin onlayn keçirilməsi ciddi fayda verər. Gələcəkdə bu yanaşma özəl sektorda da tətbiq oluna bilər”.

E.Kərimli deyib ki, Bakıda sıxlığı azaltmaq üçün regionların sosial-iqtisadi inkişafına ciddi təkan vermək lazımdır:

“Regionların inkişafı bu məsələni kökündən həll edər. Çünki əslində məsələ təkcə universitetlərin Bakıda yerləşməsi deyil, paytaxta gələn tələbələrin təhsildən sonra regionlarına qayıtmamasıdır. Bakıda iş yerləri daha çox olduğuna görə insanların şəhərə axını və marağı artır.

Regionların inkişafı insanların geri dönərək orada iş yerləri tapmasına, iş qurmasına zəmin yaradacaq. Düşünürəm ki, bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi Bakıda sıxlığın azalmasına ciddi təsir göstərə bilər”.

Paylaş