Azərbaycan dilinin süni intellekt texnologiyalarında tanınması və tətbiqi ilə bağlı məsələlərin gecikməsi yenidən gündəmə gəlib.
Baku TV-nin efirində məsələ müzakirə olunarkən uzun müddətdir Azərbaycan dilini emal etməyə imkan verən milli dil korpusunun hazırlanıb ərsəyə gəlmədiyi bildirilib.
Müzakirənin gedişində Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri Məsud Mahmudov rəhbərlik etdiyi şöbədə dörd işçinin kompüterinin olmadığını və həmin əməkdaşların evdən notbuk gətirdiklərini qeyd edib.
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan Məsud Mahmudov bildirib ki, efirdə onun fikri təhrif olunub:
“Onlar sözlərimi kontekstdən çıxardıblar. İddia edirdilər ki, guya 2000-ci ildə Azərbaycan dilinin milli korpusu ilə bağlı dövlət proqramı olub, 26 il keçməsinə baxmayaraq hələ də hazır deyil və bunda bizim şöbəni təqsirləndirirdilər. Mən bildirdim ki, nə 2000-ci ildə, nə də ondan sonra belə bir dövlət proqramı olmayıb. “Qloballaşma 2 adlanan proqramda isə “korpus” sözü ümumiyyətlə, işlədilməyib. Qaldı ki milli dil korpusunun yaradılmasına, bu işi bir şöbə və ya bir institut təkbaşına icra edə bilməz. Dünya təcrübəsinə-ingilis, rus və türk dillərinin korpuslarına nəzər salsaq görərik ki, bu çox böyük (meqa) layihədir. Məsələn, İngiltərədə 6 böyük təşkilat bir araya gələrək konsorsium yaradıb və ingilis dilinin milli korpusunu ərsəyə gətirib. Bizdə isə hələ ki belə bir dövlət proqramı olmayıb. Lakin hazırda Mədəniyyət Nazirliyi ilə birgə müvafiq dövlət proqramının layihəsini hazırlayırıq və inşallah bu işi reallaşdıracağıq. Şöbəmiz haqqında danışarkən qeyd etmişdim ki, bu kiçik bir şöbədir, hətta bəzi əməkdaşlarımızın kompüteri olmadığı üçün evdən gətirirlər. Onlar bu fikirlərimi şouya çevirərək təhrif ediblər. Hətta şöbədəki bütün əməkdaşların kompüteri olsa bele, tək bir şöbə bu boyda layihəni icra edə bilməz. İnşallah, sabah canlı yayımda həmin şəxslə yenidən görüşüb məsələyə aydınlıq gətirəcəyəm”.(Mediatvaz.com)
Nəsimi adına Dilçilik İnstitutundan saytımıza bildirilib ki, əməkdaşların kompüteri var, bununla bağlı problem yaşanmır.


