Canlı yayım
8-01-2026, 14:00

Azərbaycan səhiyyəsində institusional dönüş: TƏBİB modeli və ictimai etimadın formalaşması

Son illər Azərbaycan səhiyyə sistemində müşahidə olunan struktur və funksional dəyişikliklər təsadüfi deyil. Xüsusilə TƏBİB-in fəaliyyətə başlamasından sonra bu sahədə həyata keçirilən islahatlar səhiyyənin idarəolunmasında yeni mərhələnin əsasını qoyub. Bu dönüş təkcə inzibati dəyişikliklərlə məhdudlaşmır, eyni zamanda xidmət keyfiyyətinin yüksəldilməsi, tibbi infrastrukturların müasirləşdirilməsi, insan resurslarının peşəkarlıq səviyyəsinin artırılması və vətəndaş mərkəzli yanaşmanın formalaşması ilə müşayiət olunur.

"DogruXeber.tv" olaraq apardığımız müşahidələr və redaksiyamıza daxil olan müraciətlər göstərir ki, bir çox dövlət səhiyyə müəssisələrində artıq vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətində real və hiss olunan irəliləyişlər mövcuddur. Müasir tibbi avadanlıqların tətbiqi, xaricdə təhsil almış və praktik təcrübə qazanmış mütəxəssislərin Azərbaycan səhiyyəsinə cəlb olunması, eləcə də müalicə proseslərində peşəkar yanaşma bu dəyişikliklərin əsas indikatorlarıdır.

Bu kontekstdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun yaxın günlərdə keçirdiyi mətbuat konfransı xüsusi diqqət çəkdi. Media qarşısında səsləndirilən faktlar, təqdim olunan statistik göstəricilər və perspektiv planlar cəmiyyətə açıq, hesabatlı və strateji düşünən bir idarəetmə modelinin formalaşdığını nümayiş etdirdi. Konfrans zamanı həm görülən işlər, həm də qarşıda duran hədəflərlə bağlı səsləndirilən fikirlər ictimai rəydə müsbət rezonans doğurdu və səhiyyə sisteminə olan etimadı daha da möhkəmləndirdi.

Məhz bu müsbət ictimai rəyin bariz nümunəsidir ki, "DogruXeber.tv" və "DuzXeber.az" platformalarına TƏBİB-in fəaliyyəti nəticəsində müxtəlif xəstəxanalarda aldıqları tibbi xidmətlərdən məmnun qalan vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur. Eyni zamanda, sağlamlıq problemləri ilə bağlı çətinlik yaşayan, müayinə və müalicə proseslərində müəyyən maneələrlə üzləşən vətəndaşlar da redaksiyamıza müraciət edərək kömək istəyiblər.

Bu müraciətlərlə bağlı "DogruXeber.tv " redaksiyası olaraq məsələni TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilovanın diqqətinə çatdırmışıq.

Azərbaycan səhiyyəsində institusional dönüş: TƏBİB modeli və ictimai etimadın formalaşması

Qeyd etmək lazımdır ki, Zamirə Ədilovanın fəaliyyəti dövlət idarəçiliyində peşəkarlıq, operativlik və şəffaflığın real nümunəsidir. Daxil olan müraciətlərin dərhal aidiyyəti üzrə yönləndirilməsi, prosesin gedişi ilə bağlı dolğun və əsaslandırılmış məlumatların qısa müddətdə təqdim olunması, həm vətəndaş, həm də media üçün açıq kommunikasiya modelinin mövcudluğunu göstərir.

Əslində, hər bir dövlət qurumunun fəaliyyət effektivliyi birbaşa onun ictimaiyyətlə əlaqələr strukturlarının necə işləməsindən asılıdır. Bu şöbələr faktiki olaraq qurumun “sözçüsü”, cəmiyyətlə dialoq körpüsüdür. İnformasiya axınının düzgün, vaxtında və dəqiq ötürülməsi dövlət–vətəndaş münasibətlərində etimadın əsas sütunlarından biridir. Təəssüf ki, bəzi qurumlarda bu mexanizm ya formal xarakter daşıyır, ya da faktiki olaraq fəaliyyətsiz vəziyyətdədir. Lakin TƏBİB və ümumilikdə səhiyyə sektorunda bu istiqamətdə tamamilə fərqli, müsbət bir yanaşma müşahidə olunur.
TƏBİB-in və səhiyyə qurumlarının ictimaiyyətlə əlaqələr və marketinq strukturlarının media və cəmiyyət üçün açıq olması, sorğulara operativ reaksiya verməsi, məlumatları gizlətmədən paylaşması həm institusional mədəniyyətin, həm də dövlətçilik yanaşmasının göstəricisidir. Bu yanaşma təkcə səhiyyənin deyil, bütövlükdə ictimai idarəetmənin keyfiyyətinə müsbət təsir göstərir.

Nəticə etibarilə demək olar ki, TƏBİB-in fəaliyyəti Azərbaycan səhiyyəsində sistemli islahatların real nəticələrini ortaya qoyur. Bu nəticələr təkcə rəsmi hesabatlarda deyil, vətəndaş məmnunluğunda, ictimai rəydə və media müşahidələrində də öz əksini tapır. "DogruXeber.tv" olaraq biz bu prosesləri diqqətlə izləməyə, obyektiv qiymətləndirməyə və cəmiyyətə düzgün informasiya çatdırmağa davam edəcəyik. Çünki güclü dövlət, ilk növbədə, sağlam cəmiyyət və sağlam idarəetmə deməkdir.


Xəbər lenti