Rusiya-Ukrayna müharibəsi fonunda danışıqlar prosesinin yenidən gündəmə gəlməsinə baxmayaraq, tərəflər arasında yekun razılaşmanın əldə olunması hələ də real görünmür.

Moskva ilə Kiyev arasında əsas məsələlər üzrə ciddi fikir ayrılıqları qalmaqdadır.

DuzXeber.az xəbər verir ki, mövzu ilə bağlı nocomment.az-a açıqlama verən politoloq, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı yalnız mövcud münaqişənin tərəfi kimi deyil, daha geniş geosiyasi məqsədlər üçün mühüm strateji açar kimi qiymətləndirir.

Onun sözlərinə görə, Putin Ukraynanı Rusiyanın gələcəkdə digər ölkələrə qarşı siyasi və hərbi təzyiq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma hesab edir:

“Vladimir Putin Ukraynanı digər ölkələrə qarşı hücum üçün əsas açar hesab edir.

Moskvanın Ukraynaya münasibətdə məqsədləri yalnız ərazi məsələləri ilə məhdudlaşmır. Rusiya Ukraynanı yenidən öz təsir dairəsinə qaytarmağa və bununla da postsovet məkanında mövqelərini gücləndirməyə çalışır”.

Politoloq qeyd edib ki, Rusiya və Ukrayna arasında fundamental fikir ayrılıqları səbəbindən danışıqlar prosesinin yaxın perspektivdə yekun nəticə verməsi çətin görünür.

Moskvanın təhlükəsizlik və ərazi məsələlərində irəli sürdüyü tələblərlə Kiyevin ərazi bütövlüyü və təhlükəsizlik təminatları ilə bağlı mövqeyi arasında ciddi ziddiyyətlər mövcuddur.

M. Əsədullazadənin fikrincə, ABŞ tərəfindən danışıqlar prosesinin canlandırılması istiqamətində göstərilən səylər müəyyən diplomatik imkanlar yaratsa da, tərəflərin mövqelərinin yaxınlaşdırılması asan olmayacaq.

“Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə arasında gedən ərazi münaqişəsi deyil. Burada daha geniş geosiyasi qarşıdurma mövcuddur. Moskvanın əsas strateji məqsədlərindən biri Rusiyanın böyük güc statusunu möhkəmləndirmək, postsovet məkanında təsir imkanlarını qorumaq və NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaqdır”, – deyə politoloq vurğulayıb.

Ekspert hesab edir ki, əgər Rusiya Ukraynada qarşıya qoyduğu məqsədlərə böyük ölçüdə nail olarsa, bunun Cənubi Qafqaz və Mərkəzi Asiya üçün də ciddi geosiyasi nəticələri ola bilər.

Onun sözlərinə görə, belə bir ssenaridə Moskvanın Azərbaycan və Ermənistan üzərində siyasi və diplomatik təzyiq imkanlarının artması mümkündür:

“Rusiya Ukraynada öz məqsədlərinə nail olacağı təqdirdə Cənubi Qafqazda da daha fəal siyasət yürütməyə çalışa bilər. Azərbaycan və Ermənistan üzərində siyasi, diplomatik və təhlükəsizlik alətləri vasitəsilə təsirin artırılması ehtimalı istisna deyil. Eyni zamanda, Mərkəzi Asiya ölkələri də Rusiyanın ənənəvi təsir dairəsini qorumaq cəhdlərinin güclənməsi ilə üzləşə bilərlər”.

Politoloq bununla belə, Rusiyanın Ukraynada mümkün uğurunun avtomatik olaraq digər postsovet ölkələrinə hərbi müdaxilə edəcəyi anlamına gəlmədiyini bildirib. Onun fikrincə, əsas risk siyasi, iqtisadi, diplomatik və təhlükəsizlik təsirinin genişləndirilməsi istiqamətində ola bilər.

“Putinin siyasətini yalnız Ukrayna ilə məhdudlaşdırmaq doğru olmaz. Moskvanın daha geniş məqsədi postsovet məkanında Rusiyanın strateji təsir imkanlarını qorumaq və böyük güc kimi mövqeyini möhkəmləndirməkdir. Ukrayna müharibəsi isə hazırda bu geosiyasi mübarizənin əsas cəbhəsinə çevrilib”, – Məhəmməd Əsədullazadə əlavə edib.//Sara

Paylaş